"Mayın 25-də Ukraynada keçirilməsi planlaşdırılan prezident seçkiləri baş tutmaya bilər".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.
Politoloqun sözlərinə görə, ölkənin şərqində vətəndaş qarşıdurması davam edərsə, normal seçkilərin keçirilməsi qeyri-mümkündür: “Tərəflər arasında toqquşmaların artması fonunda normal prezident seçkilərinin keçiriləcəyinə şübhə ilə yanaşıram”.
O, Ukraynanın federallaşması məsələsinə də toxunub: “Rəsmi Kiyev artıq hansısa güzəştlərə getməyə hazırdır. Vəziyyət elə bir nöqtəyə çatıb ki, Ukrayna federallaşa bilər. Çünki Qərbi Ukrayna Avropa yönümlüdür, Şərqi Ukrayna isə Rusiya meyillidir. Bu qarşıdurma davam etsə, Ukraynanın federallaşması qaçılmazdır”.
Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi imkanı barədə suala cavab olaraq F.Sadıxov bildirib ki, Krım yarımadası kimi Rusiyanın Ukraynanın şərq ərazilərini də zəbt etməsi o qədər də inandırıcı deyil: “Lakin həqiqət ondan ibarətdir ki, Rusiya Ukraynanın şərq vilayətlərinin onun təsirindən çıxmaması üçün əlindən gələni edəcək. Rusiya birbaşa olaraq bu regiona müdaxilə etməsə də, dolayısı yolla orda olan qüvvələrə kömək edir”.
Eldar