Sabunçu rayon Polis İdarəsinin sabiq rəisi Rza Hacıyevin barəsində olan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev bildirib.
O qeyd edib ki, hazırda istintaq davam edir: “Hadisə ötən il dekabrın 16-da baş verib. Rza Hacıyev avtomat silahla tanışının maşınına 8 dəfə atəş açıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət işinə 29,120,1-ci maddəsi də əlavə edilib”.
İttihama görə, 2021-ci il dekabrın 16-da Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Rza Hacıyev saxlanılıb.
Rza Hacıyevdən “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Rza Hacıyevlə Şirzad Quliyev şərik olublar.
Xatırladaq ki, Rza Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.