Natiq Cəfərli: "Danışıqların tam uğursuzluqla bitməsi heç kimə sərf etmir"
Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli İran-Qərb yaxınlaşması, yaxın dövr üçün regionda gedəcək və dünyanın geosiyasi vəziyyətinə təsir edə biləcək prosesləri şərh edib.
REAL funksioneri bildirib ki, hazırda bütün dünya Vyanada "altılıq" ölkələri ilə İran arasında gedən danışıqları diqqətlə izləyir. Onun fikrincə, hazırda İranla altılıq ölkələri arasında razılaşmanın əldə olunmasının əleyhinə əsasən iki dövlət çıxış edir: "Bu, Rusiya və İsraildir. Maraqlıdır ki, hər bir dövlətin öz motivi olsa da, qlobal olaraq ümumi kəsişən nöqtələri də var. Rusiya İranla Qərbin yaxınlaşmasını, İran üzərindən sanksiyaların götürülməsini istəmir. Anlaşma baş versə, sanksiyalar götürülsə, İran dünya bazarına gündə əlavə 2 milyon barel neft verə bilər. Daha ötəsi, Türkiyə üzərindən artıq qurulmuş infrastruktur və Fars körfəzində qısa müddət ərzində Qərb texnologiyaları və kapitalının iştirakı ilə qurula biləcək qazsıxma stansiyaları vasitəsi ilə maye qazın Avropaya ixracı Rusiyanın qaz hegemonluğu xeyli sarsıldacaq. İran dünyada qaz ehtiyatlarına görə Rusiyadan sonra 2-ci yeri tutur. İsrail isə, ənənəvi düşmən obrazı olan İranın həmin obrazdan çıxmağını istəmir. Çünki İsrailin ritorikası və aqressiv siyasəti zəifləyə bilər. Amma, söhbət tək ritorik məsələlərdən getmir: Aralıq dənizinin İsrail və Kipr sahillərinə yaxın ərazilərində Avropanı uzun illər qazla təmin edəcək potensiala malik yeni yataqlar tapılıb. Əgər İran Avropa qaz bazarına tez girsə, onsuz da azalan qaz qiymətləri daha da aşağı düşəcək və bu da İsrailin orta və uzunmüddətli hədəflərinə uyğun gəlmir".
Natiq Cəfərlinin fikrincə, maraqlı bir vəziyyət yaranıb: "Türkiyədə olan ABŞ-ın vitse-prezidenti Bayden deyib ki, İran mütləq enerji layihələrinə cəlb olunmalıdır. Çox güman, Vyanada bu gün (dünən-red.) başa çatmalı olan danışıqlar daha iki gün uzadılacaq, ya da bir orta məxrəc tapılacaq. Yəni danışıqların tam uğursuzluqla bitməsi heç kimə sərf etmir, ona görə də, müəyyən çərçivədə razılaşmalar olacaq".
Cəfərlinin fikrincə, gec-tez İran və Qərb anlaşacaq. İranın Qərbə açılması, sanksiyaların götürülməsi, Qərb kapitalının və texnologiyalarının yenidən İrana qayıtması, çox kiçik zaman kəsimində İranda ciddi siyasi və ictimai dəyişikliklərə gətirəcək, iqtisadi yüksəliş baş verəcək: "Bir sözlə, ətrafımızda çox maraqlı, dünyanın gedişatını, xəritəsini, enerji anlayışını dəyişən proseslər gedir. Fikrimcə, Qərb-İran anlaşması bu həftə baş tutsa, 27 noyabrda da OPEK-dən neft hasilatının azaldılması qərarı çıxmasa, həftə sonundan başlayaraq neftin qiyməti bir qədər də enə bilər".
NEMƏT