“Arif Hacılı ilə görüşü səmərəli saymaq olar”
Dünən axşam saatlarında Müsavat Partiyasının başqanı Arif Hacılı ilə başqanlığa keçmiş namizəd Tural Abbaslı arasında görüş baş tutub.
Görüş barədə A.Hacılı özünün Facebook səhifəsində qısaca “Tural Abbaslı ilə görüşdüm. Bir çox məsələlər barədə ətraflı söhbət etdik. Məncə, səmərəli oldu” qeydini yazıb.
Qeyd edək ki, qurultaydan sonra Tural Abbaslı daha çox Qubad İbadoğlu ilə eyni mövqedən çıxış edirdi, partiya daxilində fraksiya yaratmaq ideyası da ona məxsus idi. Görünən budur ki, noyabr 23-də keçirilən gərgin ümumrespublika müşavirəsindən sonra A.Hacılı taktiki gediş edir. Yeni başqan sabiq opponentlərindən birini öz tərəfinə çəkməklə durumu öz xeyrinə dəyişmək niyyətindədir. T.Abbaslı fraksiya fikrindən daşınıb A.Hacılının komandasına dəstək verərsə, yerdə qalan narazılara qarşı güman ki, daha sərt addımlar atılacaq.
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun əsas tərəfdarlarından sayılan Səxavət Əlisoy və Hüseyn Məlik rəhbər postlardan xaric edilib, partiyadan kənarda saxlanılıb, Vurğun Əyyub partiyanın qurumlarını legitim saymayaraq tədbirlərinə qatılmır. Q.İbadoğlu rəhbərlik etdiyi QHT-nin işlərindən dolayı partiyaya çox gələ bilmir.
Bundan əlavə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli yeni başqanın T.Abbaslı ilə görüşündən əvvəl bəyan etmişdi ki, Məclis üzvlüyünə boş qalan 30 yerdən birində mütləq Tural Abbaslı təmsil olunmalıdır.
Onun bu fikirləri sıravi müsavatçılar tərəfindən şirnikləndirici təklif kimi qiymətləndirilmişdi.
Arif Hacılı-Tural Abbaslı görüşündən sonra Qubad İbadoğlu və tərəfdarlarının Tural Abbaslıya hansı münasibət bəsləyəcəyi də maraqlı olacaq.
“Arif Hacılı ilə görüşün faydalı olub-olmadığını zaman göstərəcək”
T.Abbaslı ilə əlaqə saxlayıb görüşün detalları haqda öyrənməyə çalışdıq. O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, A.Hacılı partiyanın ümumrespublika müşavirəsindən sonra onu görüşə dəvət edib: “Söylədi ki, gəl danışaq. Mən də partiya rəhbərinin dəvətini qəbul etdim. Partiya daxilində baş verən hadisələrdən, Müsavatın yaxın zamandakı hədəflərindən danışdıq. Partiyanın hazırki durumu ilə bağlı məni narahat edən məsələləri Arif bəyin diqqətinə çatdırdım, təkliflərimi söylədim. O da öz növbəsində müzakirə olunan məsələlərlə bağlı mövqeyini bildirdi. Görüşün nə qədər faydalı olub-olmadığını zaman göstərəcək. Bu görüşü ona görə səmərəli saymaq olar ki, hədə-qorxu ilə danışmaqdan, cəzalarla hədələməkdənsə partiya yoldaşı kimi problemdən çıxış üçün dialoq təklif edildi. Konsensus axtarışını məncə müsbət irəliləyiş saymaq olar”.
“İsa Qəmbər dedi ki, fraksiya nəzəri baxımdan nizamnaməyə zidd deyil”
T.Abbaslı bununla belə fraksiya yaradılmasının aktuallığını itirmədiyini dedi: “Əgər partiyadaxili məsələlər razılaşma yolu ilə qaydasına qoyulacaqsa, fraksiya məsələsi təxirə düşər bilər, amma vəziyyət olduğu kimi davam edəcəksə, təbii ki, fraksiya zərurəti ortada qalacaq. İsa Qəmbər də çıxışında qeyd elədi ki, fraksiya nəzəri baxımdan nizamnaməyə zidd deyil, amma fəaliyyət əsnasında nizamnamə pozuntusu olacaqsa, cəza olacaq. Təbii ki, fraksiya üzvü olmayan şəxslərin də nizamnaməyə zidd hərəkətləri ola və onlar da cəzalandırıla bilər”.
Partiya “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə idarə edilə bilməz
“Bundan sonra Qubad İbadoğlunun, yoxsa Arif Hacılının tərəfində duracaqsınız” sualını T.Abbaslı belə cavablandırıb:
“Mən nə Qubad İbadoğlu, nə də Arif Hacılı tərəfdarıyam. Bu iki şəxsdən hansınınsa tərəfdarı olsaydım, qurultayda həmin şəxsin xeyrinə namizədliyimi geri götürərdim. Həm Qubad bəylə, həm də Arif bəylə razı olub-olmadığımız məqamlar kifayət qədərdir. Fraksiya ətrafında müzakirələr zamanı Qubad bəyə bildirdim ki, başqanlıq seçkisinin nəticəsi ilə bağlı fikirlərinizi bölüşmürük, partiyadaxili durumla əlaqədar narahatıq, onun yaxşılaşdırılması üçün platformanın hazırlanmasının tərəfdarıyıq və bu platformanı da fraksiyada görürük. Eyni zamanda Arif Hacılının başqan kimi legitimliyinə şübhə etmirik, amma partiyanı “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə idarə etməsinin əleyhinəyik. Azlıqda qalan kəsimin partiya işində iştirakını istəyirik. Bizim yanaşma və prinsiplərimizə hansı tərəfin fikirləri uyğun olsa, onlarla hərəkət edəcəyik”.
Nərgiz