25 Noyabr 2014 17:23
859

"Türkiyə xarici siyasətdə prinsipiallığını azaldıb"

Xəbər verildiyi kimi, noyabrın 22-dən 24-dək Ankara Universitetində Hrant Dink Fondunun təşkilatçılığı ilə 2 gün davam edən “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edənlər Türkiyə-Ermənistan sərhədinin açılmasını, iki ölkə arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar. Belə bir tədbirin keçirilməsi həm Türkiyə, həm də Azərbaycanda narazılığa səbəb olub.

Qeyd olunur ki, Türkiyə-Ermənistan arasında sərhədlər Kəlbəcərin işğalına etiraz olaraq bağlanıb. Qarabağın Kəlbəcər və digər rayonları 20 ildən artıqdır ki, işğal altında saxlanılır. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı soyqırımı iddiaları gündəmdən düşməyib. Hətta 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyinin keçirilməsi nəzərdə tutulub. Belə olan halda Ankarada “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirilməsi anlaşılan deyil.

Politoloq Qabil Hüseynli hesab edir ki, həmin tədbiri Türkiyədə yaşayan ermənilər və ermənipərəst qüvvələr keçiriblər: "Ermənilər qondarma soyqırımın yüz illiyinə ciddi hazırlaşırlar. Bütün dünyada hazırlaşıblar. Həm ABŞ konqresinə seçkilərdə fəallığı artırıblar, həm konqresmenlərə təzyiqləri gücləndiriblər, həm də Türkiyədə aktivdilər. Bu, onların fəaliyyətinin görünən tərəfidir. Görünməyən tərəfləri də var və bizim bundan xəbərimiz yoxdur. Onlar istəyirlər ki, Türkiyə hakimiyyətinə beynəlxaq təzyiqləri artırsınlar. Buna görə də ABŞ-da fəaliyyətlərini gücləndiriblər. Düşünürəm ki, 2015-ci ildə sərhədlərin açılması üçün ABŞ-ın Türkiyəyə təzyiqləri artacaq.

Xatırlayırsınızsa, Türkiyə və Ermənistan arasında Sürix protokolu imzalanmışdı. Həmin protokolda qeyd olunurdu ki, Ermənistan qondarma soyqırımı iddialarından əl çəkir və Qarabağdakı işğalçılıq fəaliyyətinə son qoyur, bundan sonra Türkiyə-Ermənistan sərhədi açılır. Amma Ermənistan parlamenti həmin razılaşmanı ratifikasiya etmədi.

Məsələ bağlı qalıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ işğalda olunca Türkiyə-Ermənistan sərhədi açılmayacaq. Onlar bu vədin üzərində nə vaxta qədər duracaq, deyə bilmərəm".

Politoloqa görə, sərhədin açılması Ərdoğan hakimiyyətinin prinsipiallığından asılıdır: "Ərdoğan hakimiyyəti Qərbin təzyiqləri qarşısında duruş gətirə bilmir. Biz bunu Türkiyənin Suriya siyasətində gördük. Ərdoğan öncə bəyan etdi ki, Əsəd devrilməyənə qədər Türkiyə ABŞ-ın anti-İŞİD koalisiyasına qoşulmayacaq. Sonra nə baş verdi? ABŞ-dan Türkiyəyə rəsmi səfərlər, telefon zənglərinin sayı artdı və silahlı kürdlərə Türkiyə ərazisindən hərbi marşrut verilməsinə "hə" deyildi. İndi də Türkiyə kürdlərə hərbi təlimlər keçirəcək. Bu barədə razılaşma var. Bunlar nəyi göstərir? Türkiyə xarici siyasətində prinsipiallığını azaldıb. Biz ümid edirik ki, Ərdoğan hakimiyyəti Azərbaycanı xəyal qırıqlığına uğratmayacaq və Ermənistanla sərhədləri açmayacaq".

Politoloq Ərəstun Oruclu isə bildirib ki, Türkiyə hökumətinin ermənilərə yönəlik siyasəti son illər çox iyrənc formalar alır: "Ermənilərin xətrinə dəyməmək üçün müəyyən addımlar atılır. Türkiyə telekanalları "Sarı gəlin"i dəfələrlə erməni mahnısı kimi də təqdim etməkdən çəkinmirlər. Ümuniyyətlə, bir gün Türkiyə siyasəti Qarabağ məsələsində mövqeyini 180 dərəcə dəyişsə, təəccüblənmək lazım deyil. Yaxın zamanda yox əlbəttə, çünki hələlik ortada neftdən və qazdan gələn xeyli qanuni və digər pullar var".

Ə.Oruclu hesab edir ki, yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədinin açılacağını gözləmək olmaz: "Ərdoğan hakimiyyəti nə qədər qeyri-prinsipial olsa da, Türkiyə cəmiyyəti, müxalifət Azərbaycanın milli maraqlarına zidd addımın atılmasına imkan verməyəcək".

Ayxan


Müəllif:
Загрузка...