18 Aprel 14:13
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 11 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan dördünün – Ş.Məmmədov, M.Hüseynov, Q.Məmmədli və D.Əsgərovun oğurluq əməllərinin də üstü açılıb.

Həmin şəxslərin ayrı-ayrılıqda rayon ərazisindəki müxtəlif ünvanlardan oğurluqlar etdikləri müəyyən edilib.

Lənkəran şəhər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti materialları, bir yaşayış evindən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini F.Quliyev saxlanılıb.

Qeyd edilən faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov