26 Aprel 2022 11:11
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Ələt-Astara Magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən "Avtomobil Yollarının Mühafizəsi" MMC-yə məxsus 1 ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanması ilə bağlı Lənkəran şəhər rayon polis şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev müəyyən edilərək saxlanılıb.

Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1 200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran şəhər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini – Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb.

Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov