Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı təxribat edilib.
Bu barədə Teleqraf.com-a açıqlama verən MMP sədri deyib ki, onun "facebook"dakı rəsmi hesabını sıradan çıxarıblar. Onun sözlərinə görə, son günlər sosial şəbəkədəki fəallığı bəzi dairələri narahat edib və buna görə də belə bir təxribat törədilib.
H.Hacıyev bir müddət idi ki, "facebook"dan istifadə etməyə başlayıb. Hətta bir gün əvvəl mətbuata açıqlamasında bildirib ki, bundan sonra sosial şəbəkələrdə fəal olacaq. Lakin bu açıqlamadan az keçməmiş hesabına haker hücumu təşkil olunub və dağıdılıb: "Uzun müddətdir sosial şəbəkədən istifadə edirdim. Ancaq fəal deyildim. Partiya daxilində apardığımız müzakirələrdən belə qərara gəldik ki, sosial şəbəkələrdə təbliğat işini gücləndirək. Mən də artıq sərbəst şəkildə facebook-dan istifadə edirəm. Gündəlik olaraq mətbuata verdiyim açıqlamaları paylaşıram. Camaatın mənə marağı böyükdür.
Göndərilən dostluqlar, yazılan şərhlər bunu deməyə əsas verir. Amma görünür, son günlərdə fəaliyyətim radikal müxalifəti və arxalarındakı mənfur qüvvələri narahat etməyə başlayıb".
Partiya sədrinin sözlərinə görə, mütəxəssislərin apardığı araşdırmadan sonra məlum olub ki, facebookdakı hesabı dağıtmaq üçün ölkə daxilində cəhdlər olsa da, ölkədən kənardan olan haker hücumundan sonra buna müvəffəq olublar: “Radikal müxalifət və ermənipərəst Qərb dairələri elə bilirlər ki, bu yolla məni yolumdan döndərə biləcəklər, amma unutmasınlar, mən onların iç üzünü açmaqda davam edəcəm, yorulmadan mübarizə aparacağam. Bu adamlar xəyanətkardırlar, insanı arxadan vururlar. Bir daha bəyan edirəm ki, o xəyanətkarlar layiqli cavablarını alacaqlar”.
AZAD