Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.
Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.