Sərdar Cəlaloğlu: “Düz toxumsunuzsa, niyə məhbusların müdafiəsinə yönələn aksiyaya dəstək vermirsiniz?”
Milli Şura və AXCP-yə bağlı media Demokratiya və İnsan Hüquqları Mərkəzində cəmləşən bəzi partiya sədrlərinin özünü ifşa etdiyini bəyan edib. Vurğulanıb ki, mərkəzdə təmsil olunan ADP və digər partiyalar Milli Şuranın son aylar keçirdiyi iki mitinqi tənqid edib, bu aksiyaların əhəmiyyətsiz olduğunu vurğulayıb. Eyni zamanda, onlar Müsavatın 14 dekabr mitinqinə dəstək verdiklərini ifadə ediblər. Milli Şura mitinqlərə belə fərqli yanaşmanı dönüklük və özünü ifşa adlandırıb.
“İrəli getmək üçün məhbuslardan sui-istifadə edirlər”
ADP sədri Sərdar Cəlaloğlu ittihamlara cavab verərək deyib ki, qarşı tərəf qərəzli formada onları hədəfə alıb, çünki onlar üçün əsas məqsəd müxalifətdə birinci olmaqlarını isbatlamaqdır: “Biz bəyan etmişdik ki, Milli Şuranın mitinqində partiya kimi iştirak etməsək də, üzvlərimizə sərbəstlik veririk. Bu qərarımız Müsavatın mitinqinə də keçərlidir. İndi Milli Şura mitinq keçirən zaman bizə müraciət etməyibsə, üstəlik aksiyalarına gedən İsa Qəmbər və Pənah Hüseynə hörmətsiz münasibət ifadə edibsə, biz nəyə görə, Milli Şura ilə Müsavatın mitinqinə eyni qiymət verək? Müsavat qərar vermişdi ki, Milli Şuranın aksiyasında üzvləri iştirak etsin. Amma Milli Şura qərar verib ki, Müsavatın aksiyasına qatılmasın. Əgər siz səmimi olaraq məhbuslarla bağlı mitinq keçirirsinizsə, niyə sizin mitinqə gələn partiyanın eyni tələblərlə keçirəcəyi mitinqdə iştirak etməmək qərarı verirsiniz? Əslində, bu, özünü ifşadır. Bunların məqsədləri müxalifətdə irəli getmək üçün məhbuslardan sui-istifadə etməkdir. Bu, siyasi əxlaqsızlığa gedərək divident əldə etməkdir. Baxın, onların mitinqinə razılıq verdilər, amma bizim on nəfərlik piketimizi keçirməyə icazə vermədilər. İndi onların aksiyası sifarişlidir, yoxsa bizim piketlərimiz. Əgər düz toxumsunuzsa, niyə məhbusların müdafiəsinə yönələn aksiyaya dəstək vermirsiniz?”.
“Gənclərə tapşırıblar ki, sosial şəbəkələrdə bizə fahişə desinlər”
Cəlaloğlu deyib ki, artıq AXCP-nin Azərbaycan xalqının mənfəəti üçün iş görəcəyi fikrindən əlini üzüb: “Facebook-da hərəkətlərini görürəm. Adam ətrafında olan insanların tərbiyəsi ilə məşğul olar. Əli Kərimlinin müavini mənə deyib ki, 20-30 nəfər ayırmışıq və lazım gələndə komanda veririk, istənilən adamı vurub ictimai rəy yaradırıq. Bu nə deməkdir, nə fəaliyyətdir? Sən kimsən ki, mənim piket və dialoq təşəbbüsümü belə təhqir edirsən?”
Əhməd Oruc: “İrəli sürdükləri iddia mənasızdır”
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə deyib ki, indiki mərhələdə müxalifət düşərgəsində hansısa qrupların birincilik uğrunda mübarizəsi yanlış və lazımsızdır: “İndi müxalifət düşərgəsinin qarşısında daha ciddi işlər durur. Qarşıdan bələdiyyə seçkiləri gəlir, amma buna diqqət yoxdur. Eləcə də, 2015-ci ildə parlament seçkiləri gəlir. Biz müxalifətdə birincilik və ikincilik uğrunda dartışmanı yersiz hesab edirik. Biz Milli Şuranın mitinqinə qarşı iş aparmamışıq, aksiyanın tələblərini də dəstəkləmişik. Lakin mitinqin keçirilməsi tərzini düz hesab etməmişik. Ümumiyyətlə, mitinqləri müxalifətdə birincilik yarışına çevirmək lazım deyil. Mən Müsavatında təkbaşına aksiyasının effekt verəcəyini düşünmürəm. Bu qərar Demokratiya və İnsan Hüquqları Mərkəzində müzakirə oluna bilərdi. Lakin Müsavatın da mitinqini müdafiə edirik”.
Əhməd Oruc deyib ki, Milli Şuranın belə mövqeyi anlaşılmazdır: “Biz nədə özümüzü ifşa etmişik? ”Şok olay, dəhşətli zərbə, ifşa" kimi sözlərdən o qədər istifadə edilib ki, artıq bu sözlər effekt yaratmır. Xüsusi olaraq müxalifətə yeni gələnlər belə ifadələr işlətməkdə aktivdirlər. Əlbəttə, bu, həqiqət deyil".
CAVİDAN