Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev saxlanılıb.
Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Bundan başqa, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Qalib Aslanov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 124 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Məhkəmənin qərarı ilə Q.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq H.Nuriyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.