16 İyun 2022 10:44
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qızıl mağazasında soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

İsmayıllı rayon polis şöbəsinə müraciət edən zərərçəkən ona məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn tanımadığı bir nəfərin soyğunçuluq yolu ilə 2100 manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini bildirib.

Müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı şəhərində saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Elbəy İmanov boyunbağını paytaxtda satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı rayon polis şöbəsində cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov