8 May 2014 00:06
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram Səfərov: “Şuşa 366-cı alayın köməyi ilə işğal edilib”

Bu gün Azərbaycanın dilbər guşəsi, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 22 il ötür. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 dinc vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib ki, qədim mədəniyyət beşiyi Şuşanı itirmək Azərbaycanın zəngin mədəni irsinə, Şuşa əhalisinin mənəvi dünyasına sağalmaz zədələr vurub, onların həyatını tar-mar edib. O qeyd edib ki, xüsusilə işğalın ilk illərində digər məcburi köçkünlər kimi şuşalılar da olmazın əzab-əziyyətlər çəkiblər: “İnsanlarımız zülm çəkib, ağlagəlməz problemlər yaşayıblar. Hamısı kəskin ehtiyac içində olublar”.
B.Səfərov Şuşanın işğalının necə həyata keçirilməsindən də danışıb: “Əslində, bunlar hamısı artıq incəliklərinə qədər yazılıb, təkrar-təkrar efirlərə verilib. Yeganə onu qeyd etmək olar ki, ermənilər Şuşaya 366-cı alayın köməyi ilə hücuma keçib və şəhəri işğal ediblər. Bundan əlavə, Şuşanın işğalı o vaxtkı hakimiyyətin boşluğu, səriştəsizliyi, səhlənkarlığı və xəyanəti nəticəsində baş verib”.

İcma rəhbəri hazırda sayları 31 min 500 nəfər olan şuşalıların ölkənin 60-a yaxın rayonunda məskunlaşdıqlarını vurğulayıb. Qeyd edib ki, şuşalıların yeganə istəyi Şuşaya qayıtmaqdır: “Möhtərəm prezidentin apardığı siyasət biz qarabağlıların hamısını qane edir. Bütün şuşalılar ona inanır. Möhtərəm prezidentin gördüyü işlər hamısı göz qabağındadır. O hər dəfə öz sözünü bütün dünya ictimaiyyətinə deyir. Bildirir ki, Azərbaycan torpaqlarından bir qarış da heç kimə verilməyəcək, işğal altındakı torpaqlar hökmən azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə və işğal olunmuş digər rayonlarımızda dalğalandırılacaq”.

B.Səfərov işğal olunmuş digər rayonlardan qaçqın düşən şəxslər kimi şuşalıların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb: “Möhtərəm prezidentin rəhbərliyi altında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə inşa olunan qəsəbələrdə məcburi köçkünlər yerləşdirilir. Vaqonlar, çadır şəhərcikləri ləğv olunur. Bu insanların məskunlaşdırılması üçün gözəl evlər inşa olunur, məktəbdən, xəstəxanadan, mədəniyyət evindən, muzeydən, bütün kommunikasiya sistemindən ibarət qəsəbələr salınır. İnsanlarımız da öz təşəkkürlərini bildirərək ora köçürlər. Amma 1 milyondan artıq adam üçün bu şəraiti eyni vaxtda yaratmaq mümkün deyil. Görülən işlər isə çoxdur. Bütün məcburi köçkün uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilir, məcburi köçkünlər büdcəyə ödənilməli gəlirlərdən, kommunal xidmət haqlarından azaddırlar. İş yerlərini məcburiyyət qarşısında itirmiş adamlara dövlət tərəfindən 20 ildən artıqdır ki, işləmədikləri halda əməkhaqqı, yemək xərci ödənilir və bu vəsait tədricən artırılır”.

Müsahibimiz Şuşanın işğalının ildönümü ilə bağlı bu gün bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb. O qeyd edib ki, səhər saatlarında şuşalılar Şəhidlər Xiyabanına toplaşaraq Şuşanın işğalı zamanı şəhid olan soydaşlarımızın xatirəsini yad edəcəklər: “Saat 12-də isə Muğam Mərkəzində anım mərasimi keçirəcəyik”.

SƏXAVƏT


Müəllif: