23 İyun 2022 16:50
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda baş verən dəhşətli qətllə bağlı istintaq başa çatıb.

Bu barədə Teleqraf.com-a Yevlax rayon prokurorluğundan bildirilib.

Göygöl rayon polis şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci ildə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını da qəsdən öldürməsi müəyyən edilib.

Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gəlib.

2021-ci ilin aprelin 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdüb.

Sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinyət əşyalarını ələ keçirib.

Daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Toplanmış sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov