"Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və bütün sahələri əhatə edir. Bizim aramızda həll olunmayan məsələ və problem mövcud deyil. Bütün görüşlərdə münasibətləri, əməkdaşlıq potensialını daha da möhkəmləndirməyin və inkişaf etdirməyin yollarını müzakirə edirik".
Teleqraf.com-un məlumata görə, bunu "Rossiya 24" kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident Azərbaycanla Rusiyanın iki qonşu və dost ölkə olduğunu və münasibətlərin inkişaf etdiyini bildirib: "Bizim neft-qaz və nəqliyyat sahəsində yaxşı potensialımız var. Şimal-Cənub nəqliyyat dəhlizinin işində də maraqlıyıq. Rusiya bazarına kənd təsərrüfatı məhsullarının ixracı potensialını möhkəmləndiririk”.
Prezident qeyd edib ki, turizm sahəsində də yaxşı perspektiv mövcuddur: “Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayının ildən ilə artdığını görürük. Əlbəttə ki, mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq edirik. Bu bizim münasibətlərin əsasını təşkil edir. Məşhur Rusiya kollektivləri tez-tez Bakıya qastrola gəlir".
Prezident deyib ki, Azərbaycan Rusiya bazarına fəal investisiya qoymaqda davam edəcək: "Biz, Rusiyanın bank sektoruna sərmayə qoymuşuq, VTB bankının aksiyalarını əldə etmişik, o cumlədən daşınmaz əmlak almışıq. Ona görə də, bizim üçün Rusiya bazarı perspektivlidir və bu bazara fəal investisiya qoymaqda davam edəcəyik”.
Prezident qeyd edib ki, Azərbaycan Rusiyanın da eynilə ölkəmizə investisiya yatırmasında maraqlıdır.