8 May 2014 10:14
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİP sədri: “Ceyms Uorlik bizi inandırmağa çalışdı”

“907-ci düzəliş öz qüvvəsini itirmiş hesab olunur”

Bir neçə gün bundan əvvəl Vaşinqtonda Amerika-Azərbaycan qurultayı keçirilib. Qurultayda iştirak etmək məqsədilə Azərbaycandan böyük bir nümayəndə heyəti-Qafqaz müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadə, Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yəhudi İcmasının rəhbəri Yevda Abramov, deputat Asim Mollazadə və digərləri ABŞ-a səfər edib. İki gün davam edən qurultay başa çatıb.

Bu haqda qəzetimizə məlumat verən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, iki gün davam edən qurultay Azərbaycan-Amerika əməkdaşlığının daha da genişlənməsinə həsr edilib: “Bu toplantıda ABŞ-ın rəsmi dairələri, senatorlar, konqresmenlər, bir sıra ştatların rəhbərləri, beyin mərkəzlərinin əməkdaşları, ictimai-siyasi baxımdan nüfuzlu insanlar iştirak edirdi. Bu, Azərbaycanla Amerika çoxşaxəli əməkdaşlığına həsr edilən tədbir idi. Eyni zamanda Amerika siyasətçiləri bu tədbir nəticəsində Azərbaycanın problemləri və uğurları ilə tanış oldular. Səfər zamanı bizim bir sıra senator və konqresmenlərlə görüşlərimiz oldu. Biz Azərbaycanın Amerika üçün önəmini, ölkəmizin regionda apardığı işlər, Qarabağ münaqişəsi və onun həll olunmaması və bunun inkişafa mane olan əsas amil olduğu haqda ətraflı məlumat verdik”.

Asim Mollazadə deyib ki, artıq Azərbaycan çox uzun müddətdir ki, Amerika ilə əməkdaşlıq və müttəfiqlik edir: “Amerika Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Bölgədə sülhün və əmin-amanlığın qorunması da ABŞ-ın maraqlarına uyğundur. Bununla bərabər ABŞ Azərbaycanı Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, sivilizasiyalar arası əməkdaşlığını yüksək qiymətləndirir və bir sıra ölkələrə Azərbaycanın təcrübəsi təqdim olunur”.

Asim Mollazadə Azərbaycan-Amerika münasibətlərinin yaxın olmasına baxmayaraq, ABŞ Konqresinin 907-ci düzəlişinin tam olaraq aradan qaldırılmadığını qeyd edib və müzakirələr zamanı bu məsələnin tərəfindən qaldırıldığını xüsusilə vurğulayıb:

“Hazırda 907-ci düzəliş ABŞ prezidentinin sərəncamı ilə öz qüvvəsini itirmiş hesab olunur. Söhbət ondan gedir ki, bu gün Azərbaycanın bir çox sahələrdə Amerika ilə əməkdaşlığı mövcuddur. Odur ki, ABŞ-ın özünün milli və təhlükəsizlik maraqları 907-ci düzəlişin ləğv olunmasını tələb edir. Lakin bununla yanaşı ABŞ Konqresində erməni diaspora təşkilatlarının dəstəyi ilə seçilən konqresmenlər var. Onlar da Amerikanın milli təhlükəsizliyinə qarşı olaraq Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirirlər”.

Asim Mollazadə ABŞ səfəri zamanı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb fikir mübadiləsi apardığını diqqətə çatdırıb:

“Həmsədr çalışdı ki, yaxın müddətdə tam fərqli mövqedən çıxış edəcəyini bizə inandırsın. Biz də görüş zamanı ona tənqidi fikirlərimizi ifadə etdik. Ümid edirik ki, yaxın gələcəkdə ABŞ ya həmsədrini dəyişəcək, ya da hüququn aliliyinə söykənəcək. Azərbaycanı narahat edən əsas amil odur ki, beynəlxalq təşkilatlarda hüququn aliliyinə diqqət yetirmirlər, hüquq normalarını kobud surətdə pozan Ermənistana qarşı sərt münasibət mövcud deyil. Bu da münaqişənin uzun illərdir həllinə nail olunmadığına səbəb olub. Bununla yanaşı biz dəfələrlə qeyd etmişik ki, məhz Dağlıq Qarabağdan başlanan münaqişə bu gün Krımla nəticələnib, Ukraynaya hücumlarla davam etdirilir. Həm Moldovada olan Dnestryanı münaqişə, həm Gürcüstanın ərazisində yaradılan münaqişə Qarabağdan başlanan yoldur. Qarabağ münaqişəsinə düzgün qiymət verilməməsi nəticəsində bu münaqişələrin heç biri özünün layiqli həlli modelini tapmayıb”.

CAVİDAN


Müəllif: