7 İyul 2022 10:46
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağıraraq onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri – Ağababa Musayev, Sadiq Ovçiyev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib.

İttihama gör5ə, ötən ilin noyabrın 26-da Bakıda alı təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb.

Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər.

Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Yasamal rayon Polis İdarəsi və 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər.

Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər.

Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov