Kikboks üzrə tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin məhkəməsinin vaxtı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 14-nə təyin edilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
***
11:45
Kikboks üzrə tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
14 mart 2022-ci ildə, saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlunun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü E.Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Z.Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov E.Səfərovun qətlini sifariş etməkdə ittiham edilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.