Şahin Rzayev: “Xədicə İsmayılovanın işlədiyi təşkilatı deyirsiniz?”
Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Azərbaycan üzrə direktoru Şahin Rzayev ötən il həyata keçirilən “Azərbaycanda vətəndaş jurnalistikasının möhkəmləndirilməsi” layihəsi barədə danışıb.
O, deyib ki, sözügedən layihəni ötən ilin noyabrında Müharibə və Sülh Araşdırmaları İnstitutununun Cənubi Qafqaz üzrə ofisi həyata keçirib: “Biz həmin ofisin müqavilə ilə çalışan əməkdaşlarıyıq. Ofisin Azərbaycanda həyata keçirdiyi layihədir və biz yerli jurnalistlərlə əlaqə qurmağa kömək etmişik”.
Layihə barədə yayılan press-relizdə deyilirdi ki, Araşdırmaçı Jurnalistlər Assosiasiyası ilə birgə təşkil olunan bu treninqdə təlimçi-araşdırmaçı jurnalist Xədicə İsmayılova iştirakçılarla onlayn araşdırmanın sirlərini bölüşüb.
Təlimdə 9 bölgədən (Bakı, Sumqayıt, Gəncə, Göyçay, Mingəçevir, Sabirabad, Xaçmaz, Şəki, Naxçıvan) 10 jurnalist iştirak edib.
Ş.Rzayev Araşdırmaçı Jurnalistlər Assosiasiyasının hansı ölkənin təşkilatı olduğu barədə sorğumuza “Xədicə İsmayılovanın işlədiyi təşkilatı deyirsiniz?” sualı ilə cavab verib və əlavə edib ki, sözügedən Assosiasiya partnyor kimi sonuncu seminarda kömək edib: “Bilirəm ki, Xədicə xanım o Assosiasiya ilə əməkdaşlıq edir. Həmin Assosiasiyanın hansı ölkəyə məxsus olduğunu bilmirəm”.
Onun sözlərinə görə, layihənin maliyyə hesabatları Londonda yerləşən baş ofisə göndərilir: “QHT olmadığımız üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməmişik, xarici ölkənin Azərbaycandakı əməkdaşıyıq. Ölkədə seçkilər olanda Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirik. Hesabatlarımızı da yalnız Britaniyaya təqdim edirik”.
Ş.Rzayev hazırda ofisin keçirdiyi layihələrdən də söz açıb: “Həftədə bir dəfə Qafqazda yeniliklər barədə, əsasən müharibə zonasında olan hadisələr ətrafında reportajlar hazırlayırıq. Hərdən həmin reportajlar erməni tərəfi ilə birgə gedir. Məsələn, helikopterin vurulmasında bizim də, ermənilərin də mövqeyi vardı. Biz mövqeyimizi ifadə etməsək, onda təkcə ermənilərim mövqeyi dərc olunur. Ona görə də çalışırıq ki, öz mövqeyimizi beynəlxalq oxucuya çatdıraq. Daxili məkanda isə Azərbaycan dilində ”civil forum"da məqalələr veririk".
Ş.Rzayev qeyd edib ki, layihələr Böyük Britaniyadakı baş ofisin maliyyə dəstəyi ilə həyata keçirir.
KƏMALƏ