Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 20-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. Bu sərginin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.
Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti də bu sahənin inkişafına olan diqqətin əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “BakuTel” sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20 illik yubileyinin qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması, xüsusilə də Prezident İlham Əliyevin son illərdə bu sərgi ilə tanış olması tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevə məlumat verdi ki, artıq ikinci ildir sərgidə Azərbaycan milli pavilyonu yaradılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına səbəb olur.
Prezident İlham Əliyev Milli Nüvə Tədqiqatları Mərkəzinin maketi ilə tanış oldu. Bildirildi ki, artıq Mərkəzin sterilizasiya məqsədli qamma şüalanma kompleksi və kiçik aktivlikli qamma şüalanma mərkəzinin binaları hazırdır.
Azərbaycan bu il Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində sahə üzrə bu mötəbər təşkilatın ali idarəedici qurumu olan Şuraya üzv seçilib. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan BMT-nin İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki dedi ki, qurum İnkişaf Proqramı çərçivəsində 4 sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır. BMT Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə mühüm layihələr həyata keçirir.
Qeyd olundu ki, sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı ilk dəfə olaraq öz stendi ilə iştirak edir. Təşkilatın baş katibi Hamadun Ture dedi ki, İKT sahəsində həyata keçirilən dinamik inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir ki, Azərbaycan qurumun ali idarəetmə orqanı olan Şuraya üzv seçilib. Qurumun stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim edilir.
Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və bu hadisə “BakuTel” sərgisində də geniş əks olunub. Baku Expo Mərkəzinin foyesində yerləşən stend Avropa Oyunlara hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
Bu il Böyük Britaniya, İran, İtaliya, Kanada, İsrail, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsullarını və xidmətlərini təqdim edirlər.
Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə də tanış oldu.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” indi ölkəmizin aparıcı mobil internet provayderlərindən biridir. Şirkət müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təqdim edir. Sərgidə şirkətin Azərbaycanda gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyə həsr olunan xüsusi guşə də yaradılıb.
Dövlətimizin başçısı “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir.
“AzerFon” MMC 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına töhfəsini verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi tanınıb. “Narmobile” həm də “Bakı 2015” ilk Avropa Oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
2010-cu ildə “AzQtel” MMC şirkəti tərəfindən yaradılan “SAZZ” əmtəə nişanı da Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur. İlkin olaraq Bakı və Xırdalan şəhərlərini əhatə dairəsinə daxil edən şirkət qısa vaxtda Abşeron yarımadasının və respublikanın digər 15 şəhərinin internet istifadəçiləri də simsiz və limitsiz internetin verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir neçə ayda “Sazz 4G İnternet” şirkəti Bakı şəhərinin daxilində də mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.
2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in uğurla orbitə çıxarılması ilə “Azərkosmos” ASC öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlayıb. Sonra Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalandı. Bu müqavilə ilə Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və yeni adı “Azersky” olacaq “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi. Dövlətimizin başçısı peykdən ilk rəmzi görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya fəaliyyətinə start verdi. Müqaviləyə əsasən “Azərkosmos”a məxsus “Azersky” və “Airbus Defence” and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pléiades 1A və 1B peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.
Sonra dövlətimizin başçısı İsrailin sərgidə təmsil olunan şirkətlərinin stendlərinə baxdı. “PİNEAPP LTD” şirkəti təhlükəsizlik üzrə qabaqcıl həll variantlarının təchizatçısı kimi bazara e-poçtun təhlükəsizlik sistemlərini təklif edir. Ümumilikdə, İsrail budəfəki sərgidə 14 şirkətlə təmsil olunur.
Prezident İlham Əliyev Böyük Britaniyanın pavilyonunda oldu. Sərgiyə 7 şirkətlə qatılan Böyük Britaniya İKT sahəsində ən son texnologiyaları təqdim edir.
İran sərgidə “KAVOSHCOM ASİA” şirkəti ilə təmsil olunur. Şirkət telekommunikasiya, elektrik, antenna qüllələri və digər metal avadanlıqların istehsalı ilə məşğuldur.
Sərgidə Rusiya Federasiyasının telekommunikasiya avadanlığı və məhsullarının istehsalı, proqram təminatı, rabitə və texnologiyalarının digər sahələri ilə məşğul olan 10-a yaxın şirkəti iştirak edir. Rusiyanın “İnsol” şirkətinin sistem inteqrasiyası və proqram inkişafı sahəsində nailiyyətlərini əks etdirən ekspozisiyası maraq doğurdu. Şirkət ən böyükləri Rusiya, Ukrayna və Azərbaycanda olmaqla, MDB-yə üzv olan 8 ölkədə ofis və nümayəndəliklərə malikdir.
Sərgidə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat verilir. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan parkın əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar üzrə fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki və hüquqi şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin inkişaf etdirilməsidir.
Qeyd olundu ki, bu il sərgidə yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq yerli bazara marağı xeyli artan xarici iştirakçılardır. Debütantların arasında bu il rekord sayda təmsil olunan “startap”lar var. Bütün “startap”lar Bakı Ekspo Mərkəzinin ikinci zalında - Yüksək Texnologiyalar Parkının stendində yerləşir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “startaplar”a fəal dəstək göstərilir. Bu cür dəstək “BakuTel” sərgisinin də ənənələrindən biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və dövlət strukturları ilə birgə iştirak etmək, eləcə də dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün nadir imkan yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə edib və onlar sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə məlumat verirlər.
Prezident İlham Əliyev sərginin əsas tərəfdaşlarından olan “İNTEL” şirkətinin stendi ilə də yaxından tanış oldu. Şirkət kompyuter innovasiyaları sahəsində dünya üzrə aparıcı mövqe tutur və bütün dünyada kompyuter cihazları üçün baza funksiyasını yerinə yetirən zəruri texnologiyaların layihələndirilməsi və istehsalı ilə məşğuldur. Artıq şirkətin təqdim etdiyi virtual siniflər Bakının bir neçə təhsil ocağında tətbiq olunur.
Estoniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri “BakuTel-2014” sərgisində milli pavilyonu ilə təmsil olunur. Pavilyonda 18 şirkət müxtəlif innovativ İKT məhsullarını nümayiş etdirir. Sərginin ziyarətçiləri Azərbaycanın mobil elektron imza xidməti olan “Asan imza” ilə Estoniyada tətbiq olunan analoji “Mobil ID” xidmətinin müqayisəli statistik təhlili ilə tanış olmaq imkanı əldə edirlər.
Dövlətimizin başçısı Türkiyənin stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş 16 şirkəti təmsil olunub.
“Azercell” 1996-cı ildə təsis edilib və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirib. Ziyarətçilər sərgidə “Azercell”-in bir neçə istiqamətdə yeniliklərindən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə “Mobil sağlamlıq”, “Valideyn nəzarət sistemi”, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi təhlükəsizlik sistemi və “Google Glass” eynəyinin 2-ci versiyası daxildir.
Sərgidə ən yeni texnologiyalarla təmsil olunan “Huawei” dünya üzrə aparıcı İKT həlləri təmsil edən şirkətdir. Şirkətin məhsulları 100-ə yaxın ölkədə istifadə olunur. “Huawei” dünyanın ən yaxşı 50 telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
“CASPEL” şirkəti Azərbaycan ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət Azərbaycanın bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə malikdir.
Prezident İlham Əliyev “SİNAM” MMC-nin stendinə də baxdı. Əsası 1994-cü ildə qoyulan SİNAM regionda genişmiqyaslı İT xidmətləri və məhsulları təklif edən aparıcı şirkətdir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan SİNAM aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir.
Qeyd edək ki, builki sərgi və konfransın proqramı həm də əvvəlkilərdən daha geniş və zəngindir. Gündəliyə “Əşyaların interneti”, “Elektron hökumət” üzrə beynəlxalq konfransların və digər tədbirlərin daxil edilməsi İKT-yə dair yeni nailiyyət və təşəbbüslərin işgüzar dairələrə çatdırılması, gələcək inkişaf prioritetlərinin müəyyən edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar açacaq.
Dövlətimizin başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib.
- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz bu müqaviləni necə qiymətləndirirsiniz?
- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.
- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət olmalıdır?
- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.
- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.
- Təşəkkür edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirilib.