Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfərinin Azərbaycan üçün təsirləri və Ermənistanda “Milli Talış Televiziyası” adlandırılan telekanalın yayımına başlanmasına münasibətini açıqlayıb.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gedişatında təkcə iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara qədər çatdırılması deyil, həm də Cənubi Qafqazda və Yaxın Şərqdə Rusiya-Türkiyə ziddiyyətlərinin yumşalması məsələsi müzakirə olunub: “Qardaş ölkə Türkiyənin Rusiya ilə əməkdaşlığından Azərbaycan dövləti udacaq. Ermənistan haqda bunu demək çətindir. Bu ölkə Rusiyanın vassalı olsa da, Türkiyə ilə ənənəvi düşmənçiliyi davam etdirir və Azərbaycan ərazilərinin işğalına görə Türkiyə ilə Ermənistanın sərhəddi bağlı qalır”.
R.Musabəyov qeyd edib ki, yaxşılaşan Rusiya-Türkiyə münasibətləri Cənubi Qafqazda münaqişələrin nizama salınmasının perspektivinə müsbət təsir göstərməklə yanaşı, həm də regionda reallaşdırılan böyük energetika və rabitə layihələri üçün təhlükəsizliyi və sabitliyi təmin edəcək: “Azərbaycan əhəmiyyətli maliyyə resurslarına, mütəxəssislərə və biznesmenlərə malikdir. Buna görə biz Rusiyada layihə həyata keçirən Türkiyənin partnyoru kimi çıxış edə bilərik, həmçinin Rusiyanın Türkiyədə öz layihələrini reallaşdıran zaman partnyoru kimi iştirak edə bilərik”.
“O layihənin effekti sıfıra bərabərdir”
Deputat noyabrın 29-dan etibarən Ermənistan ərazisində “Milli Talış Televiziyası” adlandırılan telekanalın yayımına başlanması haqda saytlardan xəbər tutduğunu deyib: “Yayılan məlumatlarda deyilir ki, talış dilini bilən 10 nəfər orada çalışacaq. Aydındır ki, erməni xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən primitiv telekanalın vəzifəsi Azərbaycanın talış millətindən olan vətəndaşlarını yoldan çıxarmaq, onlarla əlaqə yaratmaq, Rusiyanın və başqa ölkələrin ərazisində yaşayan talışlarla pozucu fəaliyyəti təşkil etməkdir. Buna təəccüblənmək lazım deyil, çünki Dağlıq Qarabağın ərazisindən belə radio və televiziya yayımı çoxdan təşkil edilib. Yerevanda talışların probleminə həsr olunmuş ”elmi konfranslar" ilk dəfə deyil ki, təşkil olunur. Düzdür, belə tədbirlərin effekti sıfıra bərabərdir. Axı bu, yalnız azərbaycanlılara və türklərə qarşı qərəz deyil, həm də bütün müsəlmanlara (kürdlərə, talışlara, ləzgilərə) qarşıdır. Ermənilər kürdləri və talışları fərqləndirmədən bütün millətləri Azərbaycan torpaqlarından qovub, onları qətlə yetiriblər. Ancaq belə görünür ki, Azərbaycanda etnik gərginliyin yaranmasına yönəlmiş fəaliyyət nəinki dayanır, əksinə, genişlənir. Belə çıxır ki, ermənilərin xarici sponsorları meydana çıxıb. Təəssüf ki, talış xalqının ayrı-ayrı nümayəndələri bu hərəkətlərilə erməni xüsusi xidmət orqanlarının köməkçiləri rolunda çıxış edirlər. Halbuki talış millətinin nümayəndələri əsrlərlə azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşayıb, sevinclərini birlikdə bölüblər. Onlar anlayırlarmı ki, öz hərəkətləriylə yalnız Azərbaycan dövlətinə qarşı deyil, həm də Azərbaycan xalqına qarşı çıxırlar, öz maraqları naminə bu cür hərəkətlərə yol verirlər? Azərbaycanın düşmənləri ilə əməkdaşlıqdan çəkinməyən şəxslər guya talış dili və mədəniyyətinin inkişaf etdirmək adı altında gizlənməsinlər".
NƏRGİZ