8 May 2014 11:41
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqlamaları haqlı olaraq rəsmi Bakıda narahatlıq yaradır. Biz Cənab Uorlikin fəaliyyətilə bağlı Amerikanın Azərbaycandakı səfirliyinə, Ağ Evə rəsmi müraciətlər etməliyik".

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli son günlər ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyətindən edilən narazılıqlara münasibət bildirərkən deyib.

Q.Hüseynli bildirib ki, Ceyms Uorlikin Qarabağ münaqişəsilə bağlı tvitləri Azərbaycan-Amerika münasibətlərinin ruhuna ziddir: "Müşahidələr göstərir ki, Ceyms Uorlik özünü Amerikanın bəzi ermənipərəst konqresmenləri kimi aparır. Həmsədr təyin edildiyi gündən o, ermənilərin maraqlarına xidmət edən fikirlərilə diqqəti cəlb edir. Mənə hərdən elə gəlir ki, Amerika Qarabağı Rusiyanın forpostu olan Ermənistana güzəştə getməklə Ukrayna məsələsində dvident əldə etməyə çalışır. Düşünürəm ki, Qərb artıq anlamalıdır ki, Rusiya regionda münaqişəli ocaqların qalmasında maraqlıdır. Bu gün Şuşanın işğalının 22-ci ildönümü tamam olur. Sual yaranır, daha neçə il gözləyəcəyik? Məgər, Qərb Azərbaycan ərazilərinin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın düşdüyünü görmür. Bu cür həqiqətləri görməzlikdən gəlməklə ABŞ Azərbaycan kimi təcavüzə məruz qalan ölkələrin ona olan inamını azaldır".

Q.Hüseynli onu da qeyd etdi ki, Azərbaycan amerikalı həmsədrin xidmətlərindən imtina edə bilər: "Açığı Ceyms Uorlikin Qarabağla bağlı fəaliyyəti twitterdə ziddiyyətli, bir sıra hallarda isə zərərli tvitlər yazmaqdan o yana keçmir. Onun fəaliyyətsizliyindən şikayət etmək olar. Atəşkəsin imzalanmasının 20-ci ildönümünün nəticələri ciddi müzakirə olunarkən biz ATƏT-in Minsk qrupunun fəaliyyətində də toxunmalıyıq".

Ruslan


Müəllif: