5 Avqust 2022 16:33
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Tahir Əliyev Ağstafa rayonunda dəfn olunacaq.

Teleqraf.com xəbər verir ki, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir.

Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbristanlığında torpağa tapşırılacaq.

Hadisə nəticəsində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. /Report

15:50

Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğlua şəhid statusu veriləcək.

Teleqraf.com xəbər verir ki, qanunvericiliyə əsasən, Tahir Əliyev şəhid statusu alacaq.

15:43

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Bu barədə məlumatı Teleqraf.com-a Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilirdi.


Müəllif: Teleqraf.com