Azərbaycan Milli Elmlər Akdemiyasının Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında palçıq vulkanın püskürməsi ilə bağlı məlumat yayıb.
İnstitudan Teleqraf.com-a bildirilib ki, bu, güclü püskürmədir.
Qeyd edilib ki, gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb:
"Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib"
Hadisə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli də açıqlama verib: "Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb".
Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, 4 dəqiqə ərzində davam edib.
Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 km olub: "Yəni, palçıqla birlikdə püskürmə 3 km-dən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək.
Təşvişə düşməyə ehtiyac yoxdur. Bu, ölkəmizin ərazisində mövcud olan palçıq vulkanlarından biridir". /Report
11:03
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.