Müsavat Partiyasının başqanı Arif Hacılı ilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün saat 15-də görüşüblər. Görüş partiya başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutub.
Bu barədə musavat.com-a məlumat verən R.Arifoğlu bildirib ki, Müsavat başqanı ilə onun arasında görüş dostluq atmosferində keçib, tərəflər yaranmış gərginliklə bağlı öz mövqelərini açıqlayıb, bir-birinin irad və təkliflərini dinləyiblər: "Hesab edirəm ki, faydalı görüş oldu, bir çox məsələlərə dair öz mövqeymizi dəqiqləşdirdik. Ayrıca Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya dəstəyi verməsini xahiş etdi və bu anlayışla qarşılandı. Mən görüşün nəticələrindən və orada əldə etdiyim məlumatlardan razı qaldım".
Qeyd edək ki, dünən gecə Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat Partiyasına aidiyyəti yoxdur” yazması Rauf Arifoğlunun etirazına səbəb olub. Rauf Arifoğlu "facebook"dakı statusunda gələn həftə qəzetdə çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını yazıb.