Kamran Ramazanlı: “Cəmiyyət onun mülkü deyil”
“Zəlimxan Məmmədli Borçalı cəmiyyətindən mandat alveri üçün istifadə edir”.
Bu barədə Qafqaz Araşdırmalar Mərkəzinin sədri, əslən Borçalıdan olan Kamran Ramazanlı deyib.
O, Z. Məmmədli ilə şəxsi probleminin olmadığını, sadəcə olaraq, borçalıların adından istifadə olunduğuna görə narazı qaldığını bildirib: “Söhbət Borçalıdan gedirsə, bu ümummilli məsələdir. Onun birbaşa vəzifəsi Gürcüstandakı soydaşlarımızın problemlərini qabartmaq, onların həllinə çalışmaqdır. Bu gün Borçalıda kifayət qədər problem var. Milli məktəb, tarixi adların dəyişdirilməsi, torpaq bölgüsü, işsizlik və digər problemlər göz önündədir. Borçalı cəmiyyəti isə bunların həllinə çalışmaqdansa, mədəniyyət təşkilatı kimi ədəbi-musiqili tədbirlər keçirdir. Ədalət naminə deyim ki, bir dəfə Saakaşvilinin zamanında bərabərhüquqlu vətəndaş cəmiyyəti istiqamətdə addımlar atılıb. Lakin yerdə qalan problemlərə heç bir diqqət ayrılmayıb. Torpaq islahatları zamanı qanun pozuntusuna yol verilib və 70 faiz soydaşımız torpaq sahəsinə malik deyil. Bu torpaqların əksər hissəsi gürcü sahibkarlara icarəyə verilib. Toponim adları dəyişdirilib. Qanunlar tərcümə edilmir. Bu da hazırki gürcü hakimiyyətinin marağındadır. Zəlimxan Məmmədli bunlarla bağlı hansısa beynəlxalq təşkilata müraciət etdiyini sənədlə ortaya qoysun”.
K. Ramazanlı qeyd edib ki, cəmiyyət ayda bir dəfə Dədə Camal adında mədəniyyət tədbiri keçirdir:
“Aşıqları dəvət edib musiqili müzakirələr aparırlar. Bundan başqa, ildə bir dəfə Azərbaycan turistlərinin getdiyi Dmanisi rayonunun Armudlu deyilən yaylağındakı bulağın başında tədbir keçirdir. Onsuz da turistlərimiz həmi vaxt ora gedir. Zəlimxan Məmmədli isə Bakıda 20-30 nəfəri toplayıb ora aparır və Elat mədəniyyəti günləri keçirdir. Mən buna qarşı deyiləm. Lakin yerdə qalan əsas problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Cəmiyyət onun mülkü deyil. Mən Borçalı ilə bağlı bir çox iş görmüş insan kimi buna etirazım var. Bununla bağlı cəmiyyətin təsisçisi Eyvaz Borçalıya müraciət etmişəm”.
K. Ramazanlı çıxış yolu kimi Zəlimxan Məmmədlinin sədrlikdən istefa verməsini görür. Onun sözlərinə görə, cəmiyyətdə idarəçilik problemləri də var:
““Mən bu insanı yaxından tanıyıram. O sadəcə olaraq, deputat olmaq məqsədilə cəmiyyətin adından yararlanır. Deputat olmaq istəyirdisə, KXCP-nin Ali Məclisinin sədri olanda olardı. İndi də bu partiyanın üzvüdür. Ötən il prezident seçkilərində Milli Şuranın namizədini dəstəklədi, mitinqlərdə iştirak etdi. Müxalifətçisənsə, get siyasətlə məşğul ol. Mən onun siyasi mövqeyini müzakirə etmirəm. lakin cəmiyyəti bu işlərinə alət etməyə haqqı yoxdur. Borçalı cəmiyyəti ümummilli bir təşkilatdır. Müxalifət və iqtidarla eyni məsafədə münasibət saxlamaqla birtərəfli qaydada fəaliyyət göstərməli və gürcüstanlı soydaşlarımızın problemlərinə çalışmalıdır. Biz onu soydaşlarımız qarşısında hesabat verməyə məcbur edəcəyik. Fikrimcə, indiki halda çıxış yolu onun sədrlikdən getməsidir”.
Cavidan