Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın Büro, Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 7-dən 12-dək Parisdə səfərdə olacaq.
Milli Məclisdən verilən xəbərə görə, iclaslarda Ukraynada siyasi böhranın nəticələri, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın yenidən baş qaldırması, Bosniya və Herseqovinada, Tunisdə və Moldovada son parlament seçkilərinin nəticələri, Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurası dövlətlərində insan haqlarına riayət olunması, Şimali Qafqazda insan haqlarının vəziyyəti, siyasi təqib kriteriyasının müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Səfər çərçivəsində Monitorinq Komitəsinin iclasında Serbiya üzrə həmməruzəçi Səməd Seyidovun bu ölkəyə 27-28 oktyabr tarixlərində həyata keçirilmiş fakt araşdırıcı səfəri barədə hesabatı da dinləniləcəkdir.
Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Nemət