Bu il fevralın 17-də Xədicə İsmayılova Facebook şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.
Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.
Həmin materialda öz adının hallandığını iddia edən bayraqdar Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində xalq hərəkatı fəalı qeyd edib ki, Xədicə İsmayılova Facebook-da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.
“Ona dedim ki, niyə Əli Kərimlidən soruşmursan...”
Elman Türkoğlu Teleqraf.com-a açıqlamasında bildirdi ki, Xədicə İsmayılova 2011-ci ildə oktyabrın 2-də həmin sənədi öz Facebook-dakı səhifəsində paylaşmışdı: “O, bu sənədi təkrar oktyabrın 27-də sosial şəbəkədəki “Mustafa Kozlu” adlı profildə yerləşdirdi. O vaxt AXCP-nin funksionerləri Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlıya xəbər göndərdim ki, bu nə haqq-hesabdır, dedilər, vallah bizim xəbərimiz yoxdur. Sonradan MNT-nin verdiyi arayış əsasında sübut olundu ki, “Mustafa Kozlu” da elə Xədicə İsmayılovanın özü olub.
Bu ilin fevralında Xədicə İsmayılova KXCP də daxil olmaqla, müxalifət partiyaları nümayəndələrinin iqtidar tərəfindən maliyyələşdiyi haqda də yazı paylaşmışdı. Mən yazdım ki, Əli Kərimlidən niyə soruşmursan, bir rayonda 1.5, digərində 2 milyon manatlıq villa kimə məxsusdur. Guya mənim üstümdən küllü miqdarda narkotik maddə çıxıb, hansısa qıza təcavüz etmişəm. Qız bu təhqirə dözməyərək intihar edib. Guya bunlara əsas gətirərək məni sındırıb ələ alıblar. Aya 600 manat olmaq şərtilə razılaşmışam ki, müxalifət daxilində casusluq edim və dağıdıcı qüvvə olum”.
“Qənimət Zahidov soruşub ki, bu sənəd işə yarayarmı?"
E.Türkoğlu qeyd edib ki, bu barədə X.İsmayılovanın yazdıqlarını oxuyanda hiddətlənib: “Xədicə İsmayılovaya yazdım ki, bu nədir yenə başlamısan, qayıtdı ki, “əlimin içindən gəlir”. Dedim, ayıbdır, qadınsan, jurnalistlərlə işim yoxdur, məni əsəbləşdirmə səni məhkəməyə verərəm. Dedi ki, get məhkəməyə ver. Əli Kərimovun adamları da onun Facebook-dakı statusu altında ağzına gələni yazırdılar.
Daha sonra sabiq MTN işçisi Ramin Nağıyev yazdı ki, 2011-ci ildə bu mətni Qənimət Zahidov onlara göndərmişdi və soruşurdu ki, Elman Türkoğlu Əli Kərimliyə qarşı çıxıb deyə onu ifşa etmək üçün bu sənəd işə yarayarmı? Ramin Nağıyev Qənimət Zahidova deyib ki, bu sənəd saxtadır, kompüterdə yığılıb, tanınmış adamdır, belə şeylə insanı təhqir etmək olmaz, bu cür məlumatlara inananlar olar”.
“Əli Kərimlini də məhkəməyə verəcəyəm”
O, məhkəməyə üz tutmasına da aydınlıq gətirib: “Binəqədi Məhkəməsinə getdim, qoy Xədicə İsmayılova mənə ünvanladığı ittihamlara görə cavab versin. Əli Kərimlinin adamları məni ölümlə təhdid etdilər. Dedim ki, mənim Allahdan başqa heç kəsdən qorxum yoxdur. Əli Kərimlinin quldur dəstəsi var. Onun pulu ilə yazı yazır. Əli Kərimlini də casusluq məsələsinə görə məhkəməyə verəcəyəm”.
E.Türkoğlu üzvü olduğu KXCP-dən istefa verdiyini deyib: “Zəng edib Mirmahmud Mirəlioğluna deyirdilər ki, Elman Türkoğlu bizim haqqımızda danışır. Ağamı narahat edirdilər. İstefa verdim ki, işlərimi rahat görüm”.
Kəmalə