Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılmışdır. Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılmışdır.
Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.