“ABŞ “soyuq müharibə” dövründə apardığı təbliğata yenidən başlayacaq”.
Bu sözləri politoloq Vəfa Quluzadə dünən ABŞ Konqresinin qəbul etdiyi və Rusiyaya qarşı silsilə sanksiyaları nəzərdə tutan 758 saylı qərarı Axar.az-a şərh edərkən deyib.
Politoloq Vəfa Quluzadə ABŞ-ın bu qərarının Rusiyanı fikrindən daşındırmayacağını bildirib:
“Rusiya bu gün Qərbə qarşı radikal siyasət aparır və ölkənin bütün KİV-ləri müharibə əhval-ruhiyyəsi yayaraq ölkə vətəndaşlarını Amerikaya nifrət ruhunda tərbiyə edir. Digər tərəfdən Rusiya Ukraynada öz separatçılıq fəaliyyətinə son qoymur. Bu kimi hallar ABŞ-ın Rusiyaya qarşı təzyiqlərinin daha da artmasına səbəb olacaq. Sanksiyaların artacağını hətta ABŞ Prezidenti Barak Obama da açıq şəkildə bildirib. Bütün bunlar məsələnin iqtisadi yönüdür. Digər tərəfdən Qərb Avropada öz qüvvələrinin sayını artırır. Qərbin bu metodu Rusiyanı silahdan istifadə etmək fikrindən daşındırmağa hesablanıb”.
Vəfa Quluzadə həmçinin Rusiyanın ABŞ-da çox ciddi şəkildə təbliğat apardığını bildirib:
“Rusiya hər yerdə ABŞ əleyhinə təbliğat aparır. Rusiya hətta Amerikada lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, müxtəlif qruplar yaradır və onları maliyyələşdirir. Həmin qruplar Rusiyanın xeyrinə işləyirlər. Soyuq müharibə dövründə “Azadlıq” və “Amerikanın səsi” radiosu SSRİ-yə qarşı güclü təbliğat aparırdı. Amma Sovet İttifaqı çökəndən sonra bu dayandırıldı. Yəqin ki, ABŞ “soyuq müharibə” dövründə apardığı təbliğata yenidən başlayacaq”.
Politoloq ABŞ-ın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsir gücünü azaldan ölkələrə təzyiqlər edəcəyini bildirib.
Xatırladaq ki, qəbul edilən yeni qərar ABŞ prezidentinə Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı embarqo qərarları qəbul etmək səlahiyyətləri verir. Bundan başqa rusdilli ölkələrdə Amerika yayımlarının bərpa olunması nəzərdə tutulur. Eləcə də “Rusiyaya qarşı embarqo koalisiyasına” qoşulması üçün digər ölkələrə təzyiq edilməsi planlaşdırılır.
Bir çox politoloqlar ABŞ-ın bu qərarını Rusiyaya qarşı “soyuq müharibə” elanına bərabər addım kimi dəyərləndirirlər.