GUAM çərçivəsində keçirilən görüşlərdə rus dilində danışmaq ingilis dilinə nisbətən daha səmərəlidir.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“GUAM çərçivəsində nəqliyyatçılar, gömrükçülər, sərhədçilər, turizm təşkilatları və digər sektorlar səviyyəsində əməkdaşlıq var. Mənə elə gəlir ki, bu görüşlərdə rus dilində danışmaq ingilis dilinə nisbətən daha rahat və səmərəlidir”, - Məmmədyarov bildirib.
Azərbaycan XİN rəhbəri hesab edir ki, siyasi emosiyaların əsiri olmaq lazım deyil:
“Dil ünsiyyət rahatlığı üçün, diplomatiyada isə fikir və mövqeləri daha dəqiq çatdırmaq üçün istifadə edilməlidir”.
Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində GUAM üzvləri arasında keçirilən görüşdə Ukrayna Xarici İşlər naziri Pavel Klimkin iclasın ingilis dilində keçirilməsini təklif etmişdi.
Klimkin verdiyi açıqlamasında hamının onun təklifini dəstəklədiyini bildirmişdi: “Əvvəlcə mən təşkilatda bütün danışıqların rus dilində yox, ingiliscə aparılmasını təklif etdim. Hamı təklifi qəbul elədi”.
Qeyd edək ki, GUAM-ın qaydalarına görə, bu təşkilatda bütün danışıqlar, sənədləşmələr rus və ingilis dilində aparılmalıdır.