6 Dekabr 2014 16:59
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Ağayev: “Dağlıq Qarabağ Ermənistanla birgə AİB-də təmsil olunmayacaq”

Dekabrın 4-də Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması barədə müqaviləni ratifikasiya edib. 103 deputat ratifikasiyanın lehinə, 7-si əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb. Beləliklə, Ermənistan 1 yanvar 2015-ci ildən etibarən Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü sayılacaq.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus tərəfindən yaradılıb. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Serj Sərkisyan tərəfindən Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə müqaviləni ratifikasiya üçün Dövlət Dumasına göndərib.

Bəs, Ermənistanın bu ittifaqa qoşulması nə cür qiymətləndirilir? Xüsusilə, işğal olunmuş Azərbaycan torpaqları üzərində qurulmuş qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistanla birgə quruma qoşulmamasına dair Qazaxıstanın mövqeyi əvvəlkitək qalacaqmı?

Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Rasim Ağayev bildirib ki, Ermənistanla Rusiya strateji müttəfiqdir və rəsmi İrəvanın Avrasiya İqtisadi Birliyinə qoşulmaması çox qəribə olardı. Onun sözlərinə görə, AİB-in yaradılması Rusiya hakimiyyətinin və şəxsən Vladimir Putinin strateji məqsədidir: “Düzdür, Sərkisyan bir müddət oyunlar oynamağa çalışdı. İstəyirdi ki, ölkəsi həm Avropa Birliyinin assosiativ üzvü olsun, həm də AİB-də təmsil olunsun. Amma Avropa Birliyindən xəbər gəldi ki, seçiminizi edin. Belə olan təqdirsə, Ermənistan təbii ki, birmənalı olaraq AİB-i seçdi. Onu da demək lazımdır ki, Ermənistanın bu qərarı Avropa Birliyi və bütövlükdə Qərbin Ermənistanla münasibətlərinin soyumasına gətirib çıxarıb. Digər tərəfdən onu da etiraf etmək lazımdır ki, ümumiyyətlə, Ermənistanda yaşayan əhalinin əksəriyyəti öz gələcəyini bilavasitə Rusiya ilə bağlayırlar. Onlarda belə bir təəssürat var ki, Rusiya bunları həmişə xilas edib, kömək edib və sair. Bu da həqiqətə uyğundur”.

Ermənistanın AİB-ə Dağlıq Qarabağla, yaxud Dağlıq Qarabağsız qoşulacağına gəldikdə isə, R.Ağayev deyib ki, AİB-in təsisçilərinin Ermənistanın birliyə Qarabağsız qoşulması məsələsində mövqeyi yekdildir: “Ermənistanın AİB-ə üzvlüyü başqa cür ola bilməz. Yəni, Dağlıq Qarabağ Ermənistanla birgə AİB-də təmsil olunmayacaq. Çünki əgər qondarma respublika AİB tərəfindən qəbul olunsa, bu onun de-fakto və de-yure tanınması deməkdir. AİB Qarabağı Ermənistanla birgə öz sıralarına daxil etsə, bu həmin qondarma qurumu tanımaq anlamına gələcək. Bu isə, beynəlxalq anlaşılmazlığa gətirib çıxarar. İndiki vəziyyətdə də hər üç ölkə buna yol verə bilməz. Yəni, indiki vəziyyətdə bu nə Rusiyaya, nə Qazaxıstana, nə də Belarusa lazımdır. Çünki ortada Azərbaycan var. Onu da deyim ki, nə Rusiya, nə Qazaxıstan, nə də Belarus Azərbaycanın müəyyən mərhələdə AİB-ə qoşulacağına olan ümidlərini itirmirlər. Bunu heç kim qəti şəkildə istisna etmir”.

Qeyd edək ki, Ermənistanın AİB-ə qoşulmasına etiraz edən böyük bir kütlə bu yaxınlarda ölkə parlamentinin binası önündə mitinq keçirib. Bəs, bu mitinqlər davamlı ola və nəyisə dəyişə bilərmi? R.Ağayev deyib ki, bu etirazların bir nəticə verəcəyinə inanmır: “Məncə, səsvermənin nəticələrinə baxmaq kifayətdir. Mitinqlər keçirilə bilər, ancaq mən inanmıram ki, bunun əsasında Ermənistanda hansısa ciddi dəyişikliklər olsun”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər