“İnsanlarda Azərbaycana başqalarının gözü ilə baxmaq vərdişi var”
Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ideoloji məsələlərlə bağlı fikirlərini bölüşüb.
REAL nümayəndəsi bildirib ki, düşüncələrimiz, danışıqlarımız, yazılarımız ümumiləşdirmələrdən ibarətdir. Onun sözlərinə görə, əgər belə olmasaydı, dil, mədəniyyət inkişaf edə bilməzdi: “Hər bir ümumiləşdirmənin içində ən azından bir vacib və qaçılmaz qüsur olur. Adından da göründüyü kimi, ümumiləşdirmələrdə konkret faktlar qurban verilir. Mənfi ümumiləşdirmələrdə müsbət örnəklər, müsbət ümumiləşdirmələrdə də mənfi örnəklər gözdən qaçır, ya da bilərəkdən göstərilmir. İndi yazacağım da ümumiləşdirmədir. Mənfi olduğuna görə, mənim özümə də məlum olan müsbət örnəkləri burada nəzərə almıram. Odur ki, heç kəs öz payına götürməsin”.
Qədirli vurğulayıb ki, ölkəmizdə, xüsusən gənclər arasında, özünü solçu sayanların xeylisi- “rusiyaçı”, millətçi sayanların xeylisi – “türkiyəçi”, “dindar” adı altında tanıdılanların da bir xeylisi “irançı” kimi düşünür: ““Amerikaçı” adlandırıla biləcək düşüncə tərzi də var. Onu yazmadım, çünki bu cür düşünənləri ayırd edə bilmədim. Liberallar? Demokratlar? O dərəcədə də asan deyil. Aydın söyləmək olmur. Çox qarışıq və ziddiyyətli çevrədir. Bəlkə də ona görədir ki, “qərbpərəst” ümumiləşdirməsi salınıb dilimizə. Damğaları sevmirəm, ona görə də işlətməməyə çalışıram. Bununla belə, adını nə qoymağımızdan asılı olmayaraq, insanlarımızın Azərbaycana içdən deyil, kənardan, başqaların gözüylə baxmaq meyli var. Məişət mövzularında bəlkə də problem yaratmır, amma siyasətdə belə düşüncə tərzi çox təhlükəlidir. İstər solçu olaq, istər sağçı, istər dindar, istər millətçi - ölkəmizə öz gözümüzlə baxmalıyıq”.
Cavidan