Azərbaycanın əməkdar mədəniyyət işçisi, jurnalist Şakir Yaqubov vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub. 1974-2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.
O sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı (2014), habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb.
Şakir Yaqubov "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir.