Natiq Miri: "Qərb dünyasında ərazi bütövlüyü prinsipi önə çıxmağa başlayıb"
Türkiyə 2015-ci ildə "Böyük İyirmilik" (G-20) ölkələrinə sədrlik edəcək. Qəbul olunmuş qaydalara görə, "Böyük İyirmilik"ə sədrlik edən ölkə üzv ölkələrdən başqa istədiyi bir ölkəni bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi "Böyük İyirmilik"in 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət edib. Bu məsələ Azərbaycan və Türkiyə prezidentlərinin dekabrın 1-də baş tutmuş telefon söhbətində də müzakirə olunub. Azərbaycan dövlətinin başçısı telefon söhbəti zamanı Türkiyənin qarşıdakı ildə G-20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Bəs, Azərbaycanın bu qurumda təmsil olunması ölkəmiz üçün nə deməkdir? G-20-nin tədbirlərində iştirak etməklə əlavə hansı dividentləri qazanacağıq?
Bu istiqamətdə suallarımız cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, bu, ilk növbədə Azərbaycanın Türkiyə üçün önəmli bir ölkə olmasının, strateji müttəfiq, qardaş dövlət olmasının göstəricisidir. Onun sözlərinə görə, digər tərəfdən isə, bu, həm də reallığa bağlı olan bir məsələdir: "Belə ki, Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyi sistemində çox önəmli faktorlardan biri kimi çıxış edir. Dünya iqtisadiyyatında Azərbaycanın kiçik olsa da, əhəmiyyətli payı var. Nəzərə alsaq ki, bu gün dünya gücləri arasında böyük bir gərginlik yaşanır. Belə bir məqamda Azərbaycanın bu rolda çıxış etməsi çox əhəmiyyətlidir".
N.Miri deyib ki, Azərbaycan Qərblə Şərq dünyası arasında körpü rolu oynayan bir dövlətdir: "Ölkəmiz strateji, coğrafi mövqeyinə görə çox əhəmiyyətli bir ölkədir. Eyni zamanda Şərq dünyasına bir körpüdür və Şərqlə Qərb mədəniyyətinin çulğalaşdığı bir ölkədir. Ona görə də Türkiyənin G-20 ölkələrinə sədrlik etməsi və Azərbaycanın bu quruma qonaq qismində dəvət olunması həm türk dünyası, həm Türkiyə, həm Azərbaycan, eyni zamanda Qərb dünyası üçün sərfəlidir".
N.Miri qeyd edib ki, G-20-nin toplantılarında əsasən iqtisadi məsələlər müzakirə olunur: "Bu da təbiidir. Çünki bu ölkələr dünya iqtisadiyyatının 95 faizini öz əllərində cəmləşdiriblər. Azərbaycanın dünya miqyasında mühüm statusda görülməsi, önəmli məsələlərin müzakirəsində rəsmi Bakının iştirakının tanınması çox müsbət bir haldır".
G-20-də qonaq qismində iştirak etməyimizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə nə cür təsir göstərəcəyinə gəldikdə politoloq deyib ki, Azərbaycan dünya miqyasında nə qədər çox tanınsa, ölkəmizin problemlərinə münasibət də bir o qədər həssas olar: "Yəni, bunu unutmaq lazım deyil. Bizim həlli ən vacib olan problemimiz təbii ki, Dağlıq Qarabağ problemidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan çoxlu problemləri olan dövlətlərin əhatəsində yerləşir. Ona görə də hesab edirəm ki, Azərbaycanın dünya səviyyəsində təqdim olunması Azərbaycan dövləti adına müsbət bir haldır".
Müsahibimiz qeyd edib ki, Azərbaycanın dünya miqyasında əhəmiyyəti artdıqca Dağlıq Qarabağ probleminin ədalətsiz və beynəlxalq hüquqa zidd formada həlli mümkünsüz hala gələcək: "Yəni, fikir verirsinizsə, Qərb dünyasında getdikcə ərazi bütövlüyü prinsipi önə çıxmağa başlayıb. NATO-nun son illərdə keçirilən bütün sammitlərində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur. Azərbaycanın dünyada əhəmiyyəti artdıqca, ölkəmiz əhəmiyyətli statusa malik olduqca bu problemin beynəlxalq hüquqa zidd həlli mümkün olmayacaq. Ona görə də Azərbaycanın dünya miqyasında əhəmiyyətinin artması, eyni zamanda, güclü bir dövlətə çevrilməsi çox vacib faktordur. Bu baxımdan mən Azərbaycanın G-20-nin tədbirlərində iştiraka dəvət olunmasına çox böyük önəm verirəm".
SƏXAVƏT