"Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi (maşınist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, iddiaçıların fikrincə, orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə, onların daha tez - 57 yaşında pensiya almaq hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi isə bu hüquqlarını tanımaq istəmir.
Qeyd edək ki, dəmir yollarında işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilirlər.
Metropolitendə çalışanların isə bu hüququ 2020-ci ildə onların əllərindən alınıb.
"Vətəndaşların pensiya təminatı haqqında" Qanuna və Nazirlər Kabinetinin qərarına görə:
- kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda;
- qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır.
Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiqləyib. Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisindədir.
Metropoliten işçilərinin iddiasını qəbul etməyən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşınistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür.
Amma şikayətçilər bu arqumenti əsassız sayırlar.
"Dövlət Sosial Müdafiə Fondu dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür qəbuledilməz üsullardan istifadə edir. Bu, məntiqdən uzaq mülahizədir", – şikayətçilərdən Fərid Altınbayev belə deyir.
O, 38 ildən artıq "Bakı Metropoliteni"ndə çalışıb. Deyir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da vurğulanıb ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib.
Bakı İnzibati Məhkəməsində şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, "metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır". Yəni metropoliten maşinistinin vəziyyəti ilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: "Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil".
Çünki Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında "Nəqliyyat" bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca "metropolitençilər" yarımbölməsi olmalıydı.