“Biz Türkiyə və Rusiya arasında münasibətləri yüksək səviyyədə qurmağa çalışırıq. Onlar arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın da maraqlarına uyğundur və biz bunu alqışlayırıq”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
“Həm Türkiyə, həm də Rusiya regionda aparıcı dövlətlərdir və Azərbaycanla yüksək səviyyədə münasibətlərə malikdir. Hər iki ölkə ilə Azərbaycan arasında etimad münasibətləri mövcuddur. Buna görə də Türkiyə və Rusiya münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın maraqlarına uyğundur”.
Türkiyə və Rusiya arasında münasibətlərin yaxınlaşmasından danışan X. Xələfov bu yaxınlaşmanın regionun dövlətlərinin əlaqələrinin genişlənməsi, yeni layihələrin həyata keçirilməsi və regionda sabitliyin yaranmasına xidmət etdiyini deyib. X. Xələfov bu yaxınlaşmanın Qarabağ probleminin həllinə mümkün təsirinə də toxunub: “Ölkələr arasında etimad münasibətlərinin artması regionda münaqişələrinin həllinə müsbət təsir göstərə bilər. Xüsusən də, Rusiyanın danışıqlarda vasitəçi, Türkiyənin Ermənistanla həmsərhəd ölkə olması onların münaqişənin həllinə təsir edə biləcəyini göstərir. Bu ölkələr arasında münasibətlərin möhkəmlənməsi, Azərbaycanla olan münasibətləri nəzərə alsaq, münaqişənin həll olunmasında iki ölkənin səylərinin artacağı gözləniləndir”.
Gürcüstan və Azərbaycan arasında münasibətlərə də toxunan X. Xələfov iki ölkə arasında yeni layihələrin həyata keçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqələri açılır və iki ölkə arasında münasibətlər müxtəlif istiqamətlərdə inkişaf edir.
Ayxan