9 May 2014 11:06
569

Bu gün Berlində Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Şuşanın işğalının 22-ci ildönümünə həsr edilmiş toplantı keçirilib.

Avropa Azərbaycanlıları Konqresindən Teleqraf.com-a bildiriblər ki,tədbirdə çıxış edən AAK-nin sədri Samirə Patzer İsmayilova Şuşanın Azərbaycanın mədəniyyət incisi olduğunu və dahi incəsənət nümayəndələrinin vətəni olduğunu deyib. O Şuşa ilə bağlı alman dilində nəşr olunmuş kitabların Qarabağın Azərbaycanın qədim torpağı olmasını aydın sübutlarla əks etdirdiyini bildirib.

Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Şuşanın Azərbaycanın mədəniyyət tarixindəki rolundan danışaraq beynəlxalq birliyin işğalçı ilə işğala məruz qalan arasındakı fərqi dilə gətirməsinin və Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şuşanın Azərbaycanın və dünyanın mühüm mədəniyyət beşiyi olduğunu qeyd edib. Azay Quliyev Qafqazın konservatoriyası olan Şuşadakı mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdıldığını bildirərək beynəlxalq təşkilatların bu fakta adekvat reaksiya verməsinin zəruriliyini vurğulayıb. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanın milli maraqlarının müdafiəsində keçən dövr ərzində böyük uğurların əldə edildiyini bildirən millət vəkili ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasət kursunun tezliklə nəticə verəcəyinə və Şuşanın işğaldan azad ediləcəyinə inamını ifadə edib.

"Şuşaya Azadlıq" kampaniyası haqqında da toplantı iştirakçılarına məlumat verən A. Quliyev hər bir azərbaycanlını bu işə dəstək olmağa səsləyib.

Sonra Şuranın "Şuşaya azadlıq-22 dildə" video çarxına baxış keçirilib.

Toplantı iştirakçıları "Şuşaya Azadlıq" kampaniyasının Almaniyada tanıdılmasında yaxından iştirak edəcəklərini qeyd edərək videoçarxı yüksək qiymətləndirdiklərini deyiblər.

Almaniyada eyni zamanda Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində dəstəklədiyi Humbolt Universtetində "Almaniya mətbuatında və ictimaiyyətində 1988-2008-ci illərdə Qarabağ münaqişəsinin dərki" mövzusunda konfrans təşkil edilib. Universtetin professoru Eva Maria Aux Şuşanın Ermənistan tərəfindən işğal edilməsinin 22-ci ildönümü ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Xanım Mariya Aux Almaniyada 329 gündəlik qəzetin çap edildiyini, onlardan ən oxunaqlılarının - Şpiqel, Faz, Zeit, Noes Docland və s. kimi nəşrlərin tədqiqat işinə cəlb edilyini söyləyib. Ölkələrində hər gün 2.9 milyon qəzetin satıldığını qeyd edən professor Mariya Aux Almaniya oxucularının 48%-nin müxtəlif qəzetlərə, abunə olduğunu deyib. Qarabağ münaqişəsinin başlanğıc dövründə Alman mediasının problemin işıqlandırılmasına daha çox yer ayırdığını, sonrakı illərdə bu mövzudakı məqalələrin sayının azaldığını bildirib.

Konfransda tədqiqat işinin ayrı-ayrı fəsillərinə dair universitetin elmi işçilərinin və gənc doktorantların məruzələri dinlənilib.

Toplantıda çıxış edən Şura sədri Azay Quliyev tədqiqat işindəki məqalələrin təhlilinin alman ictimaiyyətinin Qarabağ münaqişəsi ilə bağlı birtərəfli istiqamətdə məlumatlandırılmasını aşkarladığını bildirib. Millət vəkili Azərbaycan torpaqlarının işğala məruz qalmasının mediada obyektiv şəkildə əksini tapmamasından təəssüfünü qeyd edib. ATƏT-in Minsk qrupunun çox illik fəaliyyətinin də mediada demək olar ki, işıqlandırılmamasının onların işinə verilən qiyməti ifadə etdiyini deyib.

Professor Mariya Aux layihə çərçivəsində tədqiqatların ilin sonunadək başa çatdırılaraq kitab şəklində çap olunacağını bildirib.


Müəllif:
Загрузка...