13 Dekabr 2014 16:39
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyvaz Borçalı: “Öz hüququnu qoruya bilməyənin sədr olmağa mənəvi haqqı varmı?”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, özü və cəmiyyətin bəzi üzvləri Gürcüstana buraxılmır. Onun sözlərinə görə, oktyabrın 19-dan onun Vaxtanqisi sərhəd-keçid məntəqəsindən Gürcüstana daxil olmasına qadağa qoyulub.

“Borçalı” Cəmiyyətinin sədri bu qadağanı rəhbərlik etdiyi cəmiyyətə təzyiq kimi qiymətləndirib. Vurğulayıb ki, “Borçalı” Cəmiyyəti barış və sülhün carçısıdır: “Gürcüstanda həyata keçirdiyimiz ”Elat" tədbirlərinin məqsədi milli-mənəvi dəyərlərimizi bərqərar etməkdən ibarətdir. Ancaq Gürcüstan hakimiyyəti tərəfindən bizə qarşı etimadsızlıq mühiti mövcuddur. Bu ilin iyul ayında müavinim Salman Murğuzov da Gürcüstan sərhəd-keçid əməkdaşları tərəfindən ölkəyə buraxılmayıb. O zaman da bu haqda maraqlananda səbəbi haqda bizə heç nə deyilmədi. Bu ölkənin Daxili İşlər Nazirliyinə etdiyimiz sorğuya cavab olaraq bildirilib ki, “Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında” Gürcüstan Respublikası qanununa əsasən ölkəyə buraxılmırıq. Qeyd edim ki, sözügedən qanunda göstərilir ki, xarici vətəndaş ölkənin təhlükəsizliyinə zərər vurarsa, ictimai sabitliyi, insan haqlarını kütləvi şəkildə pozarsa, ölkəyə buraxılmır. Ancaq bizim belə bir fəaliyyətimiz olmayıb, olubsa, araşdırılsın və ortaya çıxarılsın".

Səfirlik: “Zəlimxan Məmmədliyə səbəb deyilib”

Məsələyə Gürcüstanın ölkəmizdəki səfirliyi də münasibət bildirib. Səfirlikdən deyiblər ki, cəmiyyət sədri səfirlikdə olub və ona Gürcüstana buraxılmamasının səbəbini bildiriblər. Bundan sonra Zəlimxan Məmmədli səfirliyə müraciət etməyib.

Eyvaz Borçalı: “Zəlimxan Məmmədli öz hüquqlarını qoruya bilmirsə, bizim hüququmuzu necə qoruyacaq”

Sözügedən mətbuat konfransında “Borçalı” Cəmiyyətinin təsisçiləri arasında həyatda sağ qalan yeganə nümayəndə Eyvaz Borçalı da iştirak edib. E.Borçalı Zəlimxan Məmmədlini cəmiyyət sədri postundan istefa verməyə səsləyib. O, həmçinin bu məsələnin cəmiyyət daxilində müzakirə edilməməsini də ciddi tənqid edib. Bizimlə söhbəti əsnasında cəmiyyətin Ağsaqqallar Şurasının sədri sərt mövqe sərgilədi: “Cəmiyyəti bu vəziyyətə gətiribsə, onun Gürcüstana girişinə qadağa qoyulubsa, bu, ”Borçalı" Cəmiyyəti üçün ləkə və təhqirdir. Bu məsələ ilk olaraq cəmiyyət daxilində müzakirə edilməli, geniş toplantı keçirilmə idi. Ancaq Zəlimxan Məmmədli bunu etməyib, əvəzində mətbuat konfransı təşkil edib. Bu, nəyə lazımdır ki? Əvvəlcə məsələni dərindən öyrənmək, sonra addım atmaq lazım idi".

Günahsız olduğunu sübut edəndən sonra cəmiyyətə gəlsin

Eyvaz Borçalı qeyd edib ki, vəziyyətdən belə çıxır ki, Zəlimxan Məmmədli öz hüquqlarını qoruya bilmir: “Öz hüququnu qoruya bilməyənin böyük cəmiyyətin sədri olmağa mənəvi haqqı varmı? Bu adam borçalıların cəmiyyətini necə müdafiə edəcək? Cəmiyyət nizamnamə əsasında fəaliyyət göstərir və bundan kənara çıxmamalıdır. Əsasən də, borçalıların pozulan hüquqlarının müdafiəsi ilə məşğul olmalıdır. Daha başqa işlərlə məşğul olmamalıdır. Mən demişəm ki, Zəlimxan Məmmədli günahsız olduğunu sübut etsə, yenidən cəmiyyətə gələ və vəzifəyə də qəbul edilə bilər”.

Zəlimxan Məmmədlinin əleyhinə ittihamlar niyə güclənib?

Qeyd edək ki, son dövrlər Zəlimxan Məmmədliyə qarşı ittihamlar irəli sürülür. Bu ittihamlar daha çox Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, əslən borçalıdan olan Kamran Ramazanlı tərəfindən səsləndirilir. O, dəfələrlə Məmmədlini istefa verməyə səsləyib və iddia edib ki, cəmiyyətin sədri bu qurumdan deputat olmaq məqsədilə istifadə edir.

Bundan başqa, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev də “Borçalı” Cəmiyyətinin sədrini kəskin tənqid etmişdi. O, cəmiyyətin Borçalıda ciddi işlərlə məşğul olmadığını vurğulamışdı.

Son ayların müşahidəsi göstərir ki, Gürcüstanda yaşayan soydaşlarımızın az-çox təşkilatlanmış qurumları bir-birinə qarşı sanki müharibə aparır, biri digərini sıradan çıxarmaq üçün əlindən gələni edir.

Bəzi iddialara görə, Məmmədlinin Gürcüstana buraxılmaması da əslində, bu fəaliyyətin nəticəsidir. Yəni ona rəqib olanların bəziləri Gürcüstandakı son seçkilər zamanı “Gürcü arzusu” blokunda təmsil olunub və ya hakimiyyətə yaxın şəxslərdir. Məhz onların istəyi ilə Məmmədliyə qarşı belə qərarın verildiyi ehtimal edilir.

CAVİDAN


Müəllif: