8 Dekabr 2022 12:23
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Lənkəran rayon sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Nərimanabad qəsəbəsi ərazisində hərəkətdə olarkən Lənkəran şəhər-rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Əsaslı şübhələr olduğundan həmin nəqliyyat vasitəsi polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı avtomobildəki saxlanc yerindən və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan S.Sattarovun üzərindən kibrit qutularında qablaşdırılmış 271 qram marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 17 nəfər saxlanılıb.

Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirdikləri tədbirlər nəticəsində son bir həftə ərzində ayrı-ayrı şəxslərdən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan 5 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Aşkarlanan faktların hər biri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov