Paytaxtın Binəqədi rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan pulu ələ keçirib.
Teleqraf.com xəbər verir ki, kart sahibi Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib.
Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb.
Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib.
Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb.
Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fizuli Nəcəfovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və Daxili İ.lər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.