Bakının Səbail rayonunda xuliqanlıq hadisəsi törətməkdə ittiham olunan Rəşad Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, bu ilin sentyabrın 30-da Səbail rayonunda yol polisi əməkdaşları ilə sürücü arasında silahlı insident yaşanıb. Gecə saatlarında 1983-cü il təvəllüdlü Rəşad Muradov idarə etdiyi yük avtomobili ilə yol ayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılarkən şəxsin sərxoş olduğu şübhəsi yaranıb.
Ondan avtomobildən düşüb sərxoşluq testi verməsi tələb olunsa da, sürücü buna əməl etməyib. Buna görə də əraziyə digər polis əməkdaşları da çağırılıb.
Daha sonra sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmaq istəyib. Hərəkətinə davam edərkən yaxında olan 5 avtomobili əzib.
Bundan sonra yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə ediblər. Onlar avtomobilin arxa təkərlərini partladaraq maşının dayanmasını təmin ediblər. Daha sonra şəxs müayinəyə aparılıb.
Müayinə zamanı aydın olub ki, Rəşad Muradov nəinki alkoqol içkinin təsiri altındadır, hətta qanında narkotik vasitə də çıxıb.
Rəşad Muradovun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) və və 234-cü (qanunsuz narkotik əldə etmə, saxlama) maddələri ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərçəkmiş qismində Sənan Hacıyev, Nigar Cəbiyeva, Vüqar Hüseynov, Yusif Tağıyev, Aftandil Qasımov, həmçinin “Turan Transport Nəqliyyat Ekspedesiyası Kompaniyası” MMC və “Azərbaycam Avtomobil Evi” MMC zərərçəkmiş qismində tanınıblar.