“Görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkilini dayandırıb”.
Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Kanadadakı səfirliyi zəruri etiraz tədbirləri görüb:
“Nəticədə “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb. Azərbaycan Respulikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır”.
Səxavət