"...Avtobus sürücüləri narkotikdən istifadə edir"
Milli Məclis “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsini müzakirə edib. Teleqraf.com-un xəbərinə görə, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri deyib ki, bu ilin martında qanuna əlavə və dəyişikliklər edilib: “Bu zaman anlayışlar da dəyişib. Bu səbəbdən qanunun 83, 84, 85-ci maddələrinə xüsusi texniki vasitələr-kameralar, fotolar ifadəsi əlavə ediləcək".
Millət vəkili Bəxtiyar Əliyev deyib ki, bu dəyişikliklər edilməlidir: “Biz bununla bağlı qanun qəbul etmişik. Ancaq söhbət ondan gedir ki, protokolda xüsusi texniki vasitələrin göstəriciləri qeyd edilməlidir. Bunu qanunvericilik tələb edir. Ancaq indi bu göstəricilərdən yalnız biri yazılar. Belə yanlışlığa və səhvə yol veriklirsə, bu həmin protokolun xitam olunması üçün əsas yarada bilər”.
Deputat Qüdrət Həsənquliyev deyib ki, bir məsələyə nə DİN, nə də Nəqliyyat Nazirliyi diqqət edir. Onun sözlərinə görə, sərnişindaşınmada avtobuslar çoxsaylı qəzalar törədir:
“Biz Vilnusdan Riqaya qədər avtobusla gəldik. Ziyafət müəllim də bizimlə birlikdə idi. Sürücü sürəti heç qaldırmadı. Bir sürücü gündə 8 saatdan artıq avtobus sürə bilməz. Bunu sürücü bizə danışdı. Əgər sürücü qanunsuz yolla ikinci kart əldə edib daha 8 saat sürməkdə davam edirsə, yol polisi xüsusi cihazlar vasitəsilə bunu müəyyən edir. Ramiz müəllim burdadır və yəqin ki, məni diqqətlə eşidir. Əhalidə belə fikir yaranır ki, sürücülər uzun saat ərzində avtomobili idarə edir. Yorulanda isə narkotik vasitələr qəbul edir. Məncə, biz xüsusi texniki cihazlardan istifadə etməliyik. Bir nəfər ailəsi ilə yolla gedir və biri gəlib onun həyatına problem yaradır. Sürət həddini aşan cinayətkardır. Öz həyatı ilə yanaşı başqasının həyatına təhlükə yaradır. Biz bununla bağlı təcili tədbirlər görməliyik. Hesab edirəm ki, təcili olaraq bu cihazların tətbiqinə başlanmalıdır”.
Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynov deyib ki, Q.Həsənquliyevin qaldırdığı məsələlər aktualdır: “Doğurdanda Qərb ölkələrində avtobuslarda xüsusi cihazlar qurulur və bu rəqəmsal cihazlarla bağlı sürücüyə nəzarət imkanı yaradır. Bizdə də bu məsələ gündəmdədir. Avtobus və yükdaşımalarda bu nəzərdə tutulur. Yaxın vaxtlarda bu həllini tapmalıdır. Sürət həddinin aşmasına görə, cinayət məsuliyyətinin nəzərdə tutulması normal təklifdir. İndi buna görə, 250 manat cərimə nəzərdə tutulur. Avtobus sürücülərinin gün ərzində 8 saatdan artıq işləməsi haqda da biz Nəqliyyat Nazirliyi ilə müzakirə aparmışıq. Yaxın vaxtlarda avtobus və sərnişindaşınmada köklü dəyişikliklər nəzərdə tutulur”
Nemət