AXCP üzvləri tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya qarşı başladılan qara piar kampaniyası davam edir.
Belə ki, AXCP sədrinin əmisi oğlu, hazırda Fransada yaşayan İnqilab Kərimov R.Arifoğlunun kollaj olunmuş fotosunu paylaşaraq onu aşağılamağa cəhd edib. Buna cavab olaraq isə R.Arifoğlu AXCP sədrinə sonuncu xəbərdarlığını edib.
Qeyd edək ki, Əli Kərimlinin başçılığı ilə AXCP üzvlərinin apardığı qara piar kampaniyasına indiyədək tanınmış insanlar çox məruz qalıb, bu kampaniyadan əziyyət çəkiblər. Xüsusən, onlar kimi düşünməyənlər sonradan bu kampaniyanın qurbanı olublar.
Bu istiqamətdə fikirlərini öyrəndiyimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a deyib ki, o bu adamları tanıyır: “Hətta, bunlar sosial şəbəkədə söyməsələr, bunlarla əməkdaşlıq şəraitində olsan da, onların ürəyində səni mütləq söydüklərinə əmin ola bilərsən. Məsələn, Xalq Cəbhəsi Müsavatla bir yerdə olanda da İsa Qəmbəri söyürdülər, ayrı olanda da söyürdülər. Hətta, bəzən səbəb tapmayıb üzdə bir adamı söyə bilməyəndə də içlərində söyürdülər. Çünki bu, onların münasibət kompleksidir. Çünki bunlar yalnız bu cür münasibət göstərə bilirlər. Demokratik təfəkkürə malik deyillər, Azərbaycan xalq hərəkatında həqiqətən tutduğu yerlərə layiq olan xidmətləri olmayıb. Dində yeni-yeni təriqətlər əmələ gəlib müəyyən kənaraçıxmalar olduğu kimi, Azərbaycan xalq hərəkatında da Əli Kərimlinin rəhbərliyi altında bəzi məzhəblər və təriqətlərə oxşar ”yurdçular" deyilən bir hərəkat yaradılmışdı. “Yurd” təşkilatı Azərbaycan xalq hərəkatının bir əyri yolu kimi meydana çıxmışdı. İndi də həmin əyri yol müxalifətdə davam etdirilir. Hansı ki, müxalifətdədirlər, amma müxalifətçiliyin məntiqindən, strateji xəttindən, ümumiyyətlə, fəlsəfəsindən uzaq bir xətt aparırlar. Bunlar üçün müxalifətçilik özlərinin ideologiyasından asılı deyil, bunlara olan münasibətlə müəyyənləşir. Tutaq ki, bu gün müxalifətin digər hissəsinin qanını içən biri “Əli Kərimli yaxşı adamdır” desə, həmin adam bunlar üçün dünyanın ən böyük adamı olar. Yox, əgər Azərbaycan xalqı üçün canından keçməyə hazır olan bir adam bunlar haqqında bir dənə tənqidi fikir desə, həmin adam bunlar üçün düşməndir".
S.Cəlaloğlu qeyd edib ki, o, bütün bunları bildiyi üçün məsələyə əhəmiyyət vermir: “Bunlar düzələn deyillər. Onları heç, Əbülfəz Elçibəy düzəldə, tərbiyə edə, düz yola dəvət edə bilmədi. Mən nə cür onu dəvət edə bilərəm. Xüsusən, onları, o cümlədən Əli Kərimlinin özünü də hərəkata Elçibəy gətirmişdi. Onu dövlət katibi edən də Elçibəy idi. Adi bir jurnalist idi, Elçibəy onu gənc yaşlarından ictimaiyyətin arasına çıxardı, elə o vaxtdan da o havalanıb ki, doğrudan da, bu qeyri-adi, imkanlı, ağıllı, tutduğu yerə layiq bir adamdır. İndi bunun tərəfdarları da o əhvali-ruhiyyə ilə davam edirlər”.
ADP sədri bildirib ki, yaranmış vəziyyət bunların kimliklərini bu cür biabırçı şəkildə üzə çıxarır: “Yalnız ortalıqda iqtidarı və müxalifəti söymək məsələsi var. Bu sahədə də, maşallah, onlar işlərini yaxşı qurublar və irəli gedirlər. Ciddi, uzunmüddətli nailiyyətsizlik sindromunun bir nömrəli göstəricisi rəqibi deyil, müttəfiqi ittiham etməkdir. Digər partiyalar, elə bizim özümüz də bu sindromdan əziyyət çəkirik. Amma AXCP bu sindromu daha ağır şəkildə yaşayır. AXCP bütövlükdə hamını düşmən elan edib. Özünü hamıdan üstün hesab etməsi həmin nailiyyətsizlik sindromunun ayrıca bir qrup səviyyəsində meydana çıxmasını göstərir. Bu faktorlara görə, açığı mən onların apardıqları piara, kampaniyaya-filana heç məhəl də qoymuram, əhəmiyyət də vermirəm”.
Müsahibimiz qeyd edib ki, AXCP üzvlərinin davranışları ictimai xarakter daşımır: “Xalq Cəbhəsindən başqa heç kim bu işlə məşğul deyil. Ona görə də bunu ictimailəşdirməyin də bir mənası yoxdur. Bizim partiya yalan anketlər əsasında profillər açdırıb ”Feysbuk"da onu-bunu söydürmür. Bu, AXCP-nin yalnız özünəməxsus, Azərbaycan xalq hərəkatından başlanmış əxlaqının, dünyagörüşünün, seçiminin bir əlamətidir. Bunu da onlardan yaxşı heç kim mənimsəyə, onlardan yaxşı heç kim bacara bilməz. Bunların düşüncəsi bu cürdür".
S.Cəlaloğlu əmindir ki, bu vəziyyət davam edəcək: “Bu, yüz il keçsə də davam edəcək. Neçə ki, Əli Kərimli siyasətdədir, neçə ki, AXCP-nin özündə partiyadaxili demokratiya yoxdur bu proses uzun sürəcək. Əli Kərimlinin özündə də demokratik təfəkkür yoxdur. Ona görə də bu proses davam edəcək”.
SƏXAVƏT