İradə Yaqubova: “Lazımi səsi toplamayacaqlarına əmin olduqları üçün bizdə günah axtarırlar”
Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərdə “exit-poll” keçirmək üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctmai Birliyi Mərkəzi Seçki Komissiyasından akkreditasiyadan keçib.
Ancaq Müsavat Partiyasının bələdiyyə seçkiləri üzrə MSK-dakı səlahiyyətli nümayəndəsi, başqan müavini Elman Fəttah bildirib ki, “ELS”-in obyektiv exit-poll keçirəcəyinə zərrə qədər də olsun inamı yoxdur: “Ona görə də belə bir təşkilatın keçirdiyi exit-polla bizim etimad göstərməyimiz mümkünsüzdür”.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında “ELS”-in rəhbəri İradə Yaqubova bildirib ki, Elman Fəttahın dedikləri ilə qətiyyən razı ola bilməz: “Əvvəlcədən namizədlərə verilən səslərin təhrif edilməsini necə demək olar? Dünyada seçki ilə bağlı qəbul edilmiş metodologiyalar var. Biz əgər həmin metedologiyaya uyğun işləməsəydik, nəticələrimizi yerli və beynəlxalq səviyyədə qəbul etməzdilər. Dəfələrlə beynəlxalq konfranslarda bizim metodologiya və nəticələr, o cümlədən ”exit-poll"ar barəsində məruzələr etmişik. İndiyə qədər nə bizim metodologiyaya irad tutulub, nə də fəaliyyətimizə. İnternet vasitəsilə axtarış versələr, fəaliyyətmiz barədə xeyli informasiyaya rast gələrlər. İnanıram ki, həmişə olduğu kimi bələdiyyə seçkilərində də bizim “exit-poll” uğurla keçəcək".
İ.Yaqubovanın sözlərinə görə, Müsavat partiyasının başqan müavininin çıxışı ilk növbədə ondan irəli gəlir ki, seçki ərəfəsində bir çoxları narahat olur: “Onlar seçkilərdə uğur qazanacaqlarına şübhə edirlər. Ona görə yox ki, özlərinin dediyi kimi, orada saxtalaşdırma olacaq. Elektoratlarının gücünə o qədər də inamları yoxdur. Bu mənada onlar özlərini bir növ sığorta etmək istəyirlər və lazımi səsi toplamayacaqlarına əmin olduqları üçün bəri başdan bizdə günah axtarırlar. Guya onlar qələbə qazanıb, ”exit-poll" nəticələri saxtalaşdırıb. Bundan başqa, irad tutan partiya funksioneri fikirlərini səsləndirməzdən əvvəl zəng edib bu tədqiqatla maraqlanmalı idi. İstəsə, bizim ofisə gəlib ətraflı məlumat əldə edə bilərdi".
BƏXTİYAR