22 Dekabr 2014 15:53
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat insanın kök hüceyrələrinin transplantasiyasına icazə verilməsini təklif edir

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, məcəllənin 3-cü, 7-ci, 12-ci və 49-cu maddələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözlərinin əlavə edilməsi təklif olunur. Bununla əmək münasibətlərinin tənzimlənməsi zamanı bütün sənədləşdirmə işlərində elektron imza tətbiq olunmağa başlayacaq. Bu məsələ səsə qoyularaq plenar iclasa tövsiyə olunduqdan sonra H.Rəcəbli komitənin 2014-cü il payız sessiyasının yekunları barədə məlumat verib və bildirib ki, ötən sessiyada sosial sahədə 30-dək qanuna dəyişikliklər edilib, həmin qanunlar daha da təkmilləşdirilib.

H.Rəcəbli diqqətə çatdırıb ki, Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur:“Vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir”. O bildirib ki, komitə bu təklifi məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcək və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumu ilə bağlı rəyini öyrəndikdən sonra ona müvafiq qanun layihəsi hazırlanacaq: “Layihə “Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavələrdən ibarət olacaq”.

Sonra çıxış edən Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev Azərbaycanda insanın kök hüceyrələrinin transplantasiyasına icazə verilməsi təklifini irəli sürüb.

Bununla bağlı vətəndaşların müraciətini əsas gətirən M.Quliyev qeyd edib ki, bu məsələ qanunvericilikdə hələ də təsbit olunmadığından Azərbaycanda bir sıra problemlər yaşanır: “Ona görə də biz təxirə salınmadan bunu qanunvericiliyimizə daxil etməliyik ki, Azərbaycanda buna rəsmi icazə verilsin”.

Təklif komitə üzvləri tərəfindən dəstəklənib və növbəti sessiyada bununla bağlı layihənin hazırlanacağı qeyd olunub.

Komitənin üzvü Rauf Əliyev isə 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa İdman Oyunları ərəfəsində idman oyunları zamanı tamaşaçı zorakılığının qarşısının alınması barədə layihə hazırlanmasını təklif edib.

Deputat Məlahət İbrahimqızı Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımı zamanı valideynlərini itirmiş 11 uşağın dövlət tərəfindən evlə təmin edilməsi təklifini irəli sürüb. Bildirib ki, bununla bağlı komitə adından müvafiq qurumlara məktublar göndəriləcək.

Sonra 2014-cü ilin payız sessiyasında Sosial siyasət komitəsinə daxil olan təklif, ərizə və şikayətlər barədə məlumat verilib. Bildirilib ki, ötən sessiyada komitəyə 320 təklif, ərizə və şikayət daxil olub, 190 nəfər qəbul edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər