23 Dekabr 2014 12:28
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Cəmiyyət sədrinə dəstəyimizi əsirgəməməliyik”

Xəbər verdiyimiz kimi, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub. Artıq neçə aydır ki, o, Gürcüstana, xüsusilə, Borçalıya gedə bilmir. Hazırda problemi yoluna qoymaq məqsədilə cəmiyyət sədri Gürcüstan DİN-in Miqrasiya İdarəsi ilə danışıqlar həyata keçirir.

Z.Məmmədli bildirib ki, əslində, minnətlə danışmağı xoşlamır. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstana etdiklərinin gürcülər əvəzini versin deyə səs salanları da qınayır: “Səs salanlara isə edilən yaxşılığı başa qaxmanın dədələrimizdən bəyənilməyən xasiyyət olduğunu anlatmağa çalışmışam. Ancaq bir şey hamıya aydındır ki, Azərbaycan və Gürcüstan bir ailədə olmaq niyyətindədir. Bu, Avropa ailəsidir. Bu məqamda hər birimizin üzərinə əlavə məsuliyyət düşür. Buna əməl etmək borcdur. Avropaya getmək istəyi olan Gürcüstan səmimidirsə, əhalisinin sayına görə ikinci etnosu olan, regionun isə üstün saylı etnosu olan türklərlə, konkret halda ortaq problemləri və dəyərləri çox olan Azərbaycanla və Azərbaycan türkləri ilə daha səmimi olmalıdır. Saakaşvilinin ardıcıl, radikal islahatları bütün məziyyətləri ilə davam etsəydi, Avropa Birliyi standartlarına daha yaxın bir aura mövcud ola bilərdi. İndikilər isə islahatlarda əski sovetlərdən qalma KQB metoduna, ”parçala, hökm et!" prinsipinə meylli görünürlər. Çox qorxulu meyildir.

Kifayət qədər problemləri olan Gürcüstanın Azərbaycan və Türkiyənin bütün anlamlarda xoşgörülü münasibətinə adekvat olmayan münasibət sərgiləməsi düşündürücüdür. Gürcüstan cığal, gücü rəqibə yetməyən uşaq təsiri bağışılamaqdadır. Yoxsa, günün günorta çağı Azərbaycanda qeydiyyatdan keçmiş, minlərlə əski Gürcüstan vətəndaşının təmərküzləşdiyi “Borçalı” Cəmiyyətinə, onun sağlam inkişaf xəttinə badalaq gəlməyə qalxmazdı".

Z.Məmmədli qeyd edib ki, Gürcüstan tərəfindən yazışmalarının bir hissəsi artıq başa çatıb: “Biz cəmiyyəti məlumatlandıraraq qərarın subyektiv olduğunu sübut edəcəyik. Düşünürük ki, Gürcüstan bizim dost əlimizi sıxmağı bacarmayan dar düşüncəlilərdən ibarət deyil. Gürcüstanın demokratik imicini zədələməyə bu qərarı verənlərin ixtiyarı yoxdur”.

Millət vəkili, BQP sədri Fazil Mustafa “Borçalı” Cəmiyyətinin sədrini müdafiə edib. Deputat bəyan edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması məsələsinə ciddi yanaşmalıdır. Onun fikrincə, bu işin pərdə arxasında Gürcüstanın maraqlarını düşünən insanlar durmur: “Çünki Zəlimxan Məmmədlinin fəaliyyəti bu iki toplumun bir-birinə yaxınlaşmasına, azərbaycanlıların Gürcüstan dövlətinin inkişafında fəal rol almasına yönəlib. Bu məsələ ilə bağlı Gürcüstan XİN-ə nota da vermək olar. Kimlərsə oradakı həmvətənlərimizlə ictimai əlaqələr yaradan fədakar insanları təcrid etmək niyyəti güdür və bunun ardınca daha arzuolunmaz addımlar ata bilərlər. Düşündürücüdür ki, bütün erməni separatçılarına Gürcüstanda rəsmi dairələr tərəfindən tam fəaliyyət sərbəstliyi verilib. Zəlimxan Məmmədlinin Gürcüstana sərbəst gedib-gəlməsi təmin olunana qədər dəstəyimizi əsirgəməməliyik”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər