10 Yanvar 2023 09:42
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayonun Bağman kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 4 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Ağsu rayonu Abasxanlı kənd sakinləri Müşfiq Quliyev və Nail Qənbərov saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların 2 il əvvəl törətdikləri daha iki oğurluq hadisəsinin üstü də açılıb.

Belə ki, 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri Nazim İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vurublar.

Həmin heyvanları isə dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Onların digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov