Yəqin heç kim şübhə etməz ki, 2015-ci il Azərbaycan üçün ən vacib illərdən biri olacaq. Avropa Oyunları, daha sonra parlament seçkilərinin keçirilməsini ölkə miqyasında iki böyük tədbir hesab etmək olar.
Amma bu tədbirlərdən əvvəl ermənilərin ciddi hazırlaşdığı bir uydurma tədbir var ki, 2015-ci ildə onun 100 ili tamam olur. Yəqin hər kəs bildi söhbət nədən gedir, bəli, söhbət ermənilərin uydurma genosidinin 100 illiyindən gedir. Nə qədər uydurma olsa da, görünür 100 illərdir ki, qərbdə kök salan ermənilər dünyanı buna inandıra biliblər və üzümüzə gələn ilin aprel ayı onların hazırlaşdığı tədbirlərlə diqqətimizi cəkəcək.
Ən başlıca tədbirləri isə çox guman ki, hər ilin 24 aprel tarixində dünya erməniliyinə aprel müraciəti edən ABŞ prezidenti Barak Obamanin dilindən “erməni genosidi” sözünü çıxarmaqdır. ABŞ prezidenti Barak Obama yaxşı anlayır ki, bu ifadənin işlənməsi ilə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində demokratlardan olan namizədə erməni lobbisinin dəstəyini qazandıracaq və verdiyi vədi yerinə yetirmiş olacaq, lakin digər tərəfdən Amerikanın bölgədə ən yaxın müttəfiqi və ərazisində “İncirlik” hərbi bazasına sahib olan Türkiyəni özündən incik salacaq. Lakin dünya ermənilərinin bu niyyətlərindən əl çəkəcəyi heç inandırıcı görünmür. Bəzi ABŞ fondlarının maliyyə dəstəyi ilə artıq Türkiyədə uydurma erməni genosidinin ictimai səviyyədə qəbul etdirilməsi üçün müəyyən tədbirlərin keçirilməsinə start verilib. Türkiyə cəmiyyətinin bilim, media və siyasət adamları arasında bu ideyaya dəstək verən liberalların mövcud olduğunu da nəzərə alsaq vəziyyətin nə dərəcədə ciddi olması göz önünə gəlir.
ABŞ prezidenti Barak Obama Amerika prezidentliyinə namizəd olarkən Amerika-erməni Assambleyasının Vaşinqton ofisini ziyarət etməsi və orada erməni genosidi ilə bağlı vədlər verməsi ağ ev rəhbərinin ABŞ-dakı erməni lobbisinin təsiri altında olması faktını bir daha təsdiq edir. Barak Obamanın prezident seçiləndən sonra “ağ ev ətrafında lobbi qruplarının qalmasına imkan verməyəcəm” ifadəsi də görünür ki, bir çox məsələlərdə olduğu kimi bu məsələdə də ermənilər üçün istisnaymış.
Okeanın o tayından Azərbaycana demokratiya və insan haqları adı altında göndərilən bəyənatların Amerika beynəlxalq təşkilatının Bakı ofisinin daşının altından erməni izi kimi çıxması əslində çox mətləblərdən xəbər verir. Azərbaycan dövlətinin həm ölkə daxilində, həm də ölkə xaricində gücünü görən ermənilərin ölkəmizə əlinin uzanması üçün bir yol qalır, o da beynəlxalq və humanitar təşkilatların və bəzi yerli QHT-lərin çətiri altında gizlənərək hiyləgərcəsinə məqsədini həyata keçirmək. Bu həm də ölkədaxili məlumatların əldə olunması üçün istifadə olunur. Dövlətin öz təhlükəsizliyini qorumaq üçün bu təhlükələrin qarşısını almağa qalxanda isə, okeanın o tayından “yumşaq güclər əzilir” və yaxud “fikir adamlarına təzyiq var” kimi əsl əks təzyiq mexanizmləri işə düşməyə başlayır. Bütün bu təzyiq xarakterli bəyənatların hansı tədbirlər öncəsi və nə üçün baş verdiyi yəqin ki, artıq aydın olmağa başlayır.
Çox guman ki, dünya erməniləri uydurma erməni genosidinin 100 illiyi ərəfəsində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirəcək. Paralel olaraq ABŞ Prezidenti Obamanın dilindən “genosid” ifadəsini almaq üçün geniş təbliğat işləri aparılacaq. Bütün bunlar həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqelərinin zəiflədilməsi üçün hesablanıb. Beləliklə erməni diasporunun və lobbisinin ABŞ-da fəal olacağı 2015-ci ildə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Amerika və Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği və milli maraqlarının qorunması istiqamətində geniş fəaliyyətə başlaması artıq zərurətə çevrilir. Həm bizim deməyə daha çox sözümüz, gerçəkdə baş vermiş 26 Fevral Xocalı və 31 Mart Azərbaycanlılarının soyqırımı günü var. Belə bir mühüm ildə ermənilərin planlaşdırdığı təxribatların qarşısının alınmasının yeganə yolu Azərbaycan dövlətinin və cəmiyyətinin səfərbər olaraq dünya erməniliyinə qarşı birgə mübarizə aparmasıdır.
Vüqar Əhmədov
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri